Bakı. Trend:
IV ixtisas qrupu üzrə ümumilikdə 3 446 dövlət sifarişli plan yeri ayrılıb.
Bu barədə məlumat “Abituriyent” jurnalının 4-cü sayında əks olunub.
Ən çox dövlət sifarişli plan yeri isə Tibb (850) və Baytarlıq təbabəti (260 yer) ixtisaslarına ayrılıb.
Bu qrupda ən az dövlət sifarişli plan yeri Bitki mühafizəsi ixtisası üzrədir. Bu ixtisas üzrə cəmi 50 dövlət sifarişli yer ayrılıb.
Müsabiqəyə (həm dövlət sifarişi əsasında/dövlət hesabına, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır. Müəyyən ixtisaslar üzrə tətbiq edilən tələblər qismən fərqlidir.
Belə ki, Dövlət ali təhsil müəssisələrinin (Sumqayıt Dövlət Universiteti istisna olmaqla) tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılırlar.
Aşağıda qeyd olunan ixtisas üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılır:
Ekologiya;
Aşağıda qeyd olunan ixtisaslar üzrə həm dövlət sifarişi əsasında/dövlət hesabına, həm də ödənişli əsaslarla qəbul aparılan yerlərin müsabiqəsində ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər iştirak edə bilərlər:
Bağçılıq və tərəvəzçilik;
Baytarlıq təbabəti;
Bitki mühafizəsi;
Su bioehtiyatları və akvakultura.