Bakı.Trend:
Gələn il Xəzər dənizində yeni iri konteyner gəmilərinin istismara verilməsi gözlənilir.
Trend-in tədbirdə iştirak edən müxbirinin məlumatına görə, bunu Azərbaycan Ekspeditorlar Assosiasiyası sədrinin müavini, "U.F.E. Shipping" şirkətinin baş direktoru Elmir Poladov çərşənbə günü Bakıda keçirilən Aİ-Azərbaycan biznes forumunda deyib.
Onun sözlərinə görə, Xəzər dənizində gəmilərin məhdud əlçatanlığı, yüklərin bir nəqliyyat növündən digərinə ötürüldüyü məntəqələrin yüklənməsi və informasiya sistemlərinin kifayət qədər inteqrasiya olunmaması Orta Dəhlizin inkişafına mane olan əsas amillər olaraq qalır.
“Birinci maneə Xəzər dənizində gəmilərin əlçatanlığı ilə bağlıdır. Bərə və "Ro-Ro" tipli gəmilərin daşıma imkanları məhduddur. Bir çox gəmi sabit cədvəl üzrə deyil, yalnız tam yükləndikdən sonra reysə çıxır. Bundan əlavə, fırtınalar hərəkəti bir neçə gün müddətinə dayandıra bilər”, – deyə o bildirib.
E. Poladov ötən ilin dekabr və yanvar aylarında Aktau limanında yaranmış vəziyyəti nümunə göstərib.
“60 gün ərzində liman cəmi 10-15 gün fəaliyyət göstərib. Bu səbəbdən ekspeditorlar müştərilərə dəmir yolu ilə daşımaların müddətini gün dəqiqliyi ilə zəmanət verə bilirlər, dəniz daşımalarının müddətini isə yalnız həftə dəqiqliyi ilə proqnozlaşdırmaq mümkündür. Limandakı gecikmələr vaqonların və konteynerlərin də boş dayanmasına səbəb olur ki, bu da daşınmanın digər mərhələlərində əlavə gecikmələr yaradır”, – deyə o qeyd edib.
Poladovun sözlərinə görə, ikinci maneə yüklərin bir nəqliyyat növündən digərinə ötürüldüyü məntəqələrin həddindən artıq yüklənməsidir. Dəniz, dəmir yolu və avtomobil nəqliyyatı arasında hər yükötürmə əməliyyatı, eləcə də sərhəd keçidləri zamanı gecikmələr yarana bilər.
Pik tələbat dövrlərində körpülərin, anbar sahələrinin və vaqon parkının məhdud imkanları vəziyyəti daha da çətinləşdirir. Bundan əlavə, Türkiyəyə daşımalar zamanı dəmir yolu relslərinin eninin 1520 millimetrdən 1435 millimetrə dəyişdirilməsi zərurəti nəzərə alınmalıdır.
Digər problem yük axınları arasında balansın olmaması və boş konteynerlərin əks istiqamətdə daşınması zərurətidir.
E. Poladovun qeyd etdiyi kimi, Uzaq Şərqdən Azərbaycana və Avropaya gətirilən konteynerlər çox vaxt yalnız bir istiqamətdə yük daşımaq üçün istifadə olunur.
“Ekspeditorlar və ya daşıyıcılar həmin konteynerlərin alınması xərclərini öz üzərlərinə götürməli, yük çatdırıldıqdan sonra isə konteynerləri satmaq və ya gələcəkdə istifadə etmək üçün imkanlar axtarmalı olurlar”, – deyə o izah edib.
Poladov üçüncü maneə kimi daşımaların iştirakçısı olan ölkələr arasında informasiya sistemlərinin və prosedurların kifayət qədər inteqrasiya olunmamasını göstərib.
“Hər ölkənin öz dəmir yolu operatoru, sənədləri və tarifləri var. Çox vaxt eyni tipli iki yük bir neçə gün fərqlə təyinat yerinə çatır. Bunun səbəbi isə dəmir yolu deyil, sənədləşmədir”, – deyə o bildirib.
Onun sözlərinə görə, müştərilər də yükləri marşrutun bütün mərhələləri boyunca izləmək imkanına malik deyillər.
“Ekspeditorlar, məsələn, Çində və ya Qazaxıstanda konteynerləri izləyə bilirlər. Lakin konteynerin Aktau limanından nə vaxt yola düşəcəyini, Ələt limanına nə vaxt çatacağını, oradan nə vaxt çıxacağını və Gürcüstana və ya Türkiyəyə doğru hərəkətini nə vaxt davam etdirəcəyini hər zaman dəqiq müəyyənləşdirə bilmirlər”, – deyə Poladov qeyd edib.
Bununla yanaşı, o, qeyd olunan problemlərin həlli istiqamətində artıq iş aparıldığını vurğulayıb.
Onun sözlərinə görə, Xəzər dənizində "Ro-Ro" tipli gəmilər və bərələrlə yanaşı, kiçik konteyner fider gəmiləri də fəaliyyət göstərir. Bundan əlavə, daha iri fider gəmilərinin tikintisi davam edir və onların gələn il istismara verilməsi gözlənilir.
Poladov Bakı-Tbilisi-Qars dəmir yolunun ötürücülük qabiliyyətinin 5 milyon tona çatdırıldığını, Ələt limanının isə genişləndirildiyini bildirib.
O vurğulayıb ki, növbəti mərhələdə əsas məqsəd infrastruktur və informasiya sistemlərinin uzlaşdırılmış fəaliyyətini təmin etməkdir. Bu, müştərilərə Orta Dəhlizi ayrı-ayrı sistemlərin məcmusu kimi deyil, vahid marşrut kimi qəbul etməyə imkan verəcək.
Qeyd edək ki, Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlığın 30 illiyinə, eləcə də biznes forumunun keçirilməsinin 10 illiyinə həsr olunmuş Aİ-Azərbaycan biznes forumu keçirilir. Bu il tədbir “Dəhlizləri birləşdirərək: bağlantılar və infrastruktur” şüarı altında təşkil olunur.
Forumda əsas diqqət nəqliyyat əlaqələrinin və infrastrukturun inkişafına, Aİ ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın gücləndirilməsinə, eləcə də regional ticarət və investisiyaların genişləndirilməsinə yönəldilib.
Forumun proqramına dövlət və özəl sektor nümayəndələrinin iştirakı ilə yüksək səviyyəli müzakirələr, tematik sessiyalar və işgüzar görüşlər daxildir.