Bakı. Trend:
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda əsas kapitala 11 milyard 111,9 milyon manat investisiya yönəldilib.
Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında qeyd olunub.
Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 10,7% çoxdur.
Dövr ərzində ölkənin qeyri-neft-qaz sektoruna 7 milyard 403,3 milyon manat investisiya qoyulub ki, bu da ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə 1,9% çoxdur.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov iyulun 31-də faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında bildirib ki, kredit aktivliyinin artımı fonunda Mərkəzi Bank ölkə iqtisadiyyatı üzrə artım proqnozlarını yeniləyib.
"2026-cı ildə iqtisadi artımın 0,5 faiz, qeyri-neft-qaz sektoru üzrə ÜDM artımının isə 2,4 faiz olacağını proqnozlaşdırırıq. 2027-ci ildə isə iqtisadi artımın 2,6 faiz, qeyri-neft-qaz sektoru üzrə artımın isə 3,9 faiz təşkil edəcəyini gözləyirik", - deyə AMB sədri bildirib.
T.Kazımov qeyd edib ki, əvvəlki proqnozlarla müqayisədə iqtisadi artım gözləntilərinə yenidən baxılıb. Belə ki, AMB-nin əvvəlki proqnozunda 2026-cı il üzrə ümumi daxili məhsulun (ÜDM) 1,1 faiz, qeyri-neft-qaz sektoru üzrə isə 3,2 faiz artacağı gözlənilirdi. 2027-ci il üzrə proqnozlar isə müvafiq olaraq 3,2 faiz və 4,7 faiz səviyyəsində idi.
AMB sədri vurğulayıb ki, qlobal iqtisadi proseslərə baxmayaraq, Mərkəzi Bankın mövcud monetar siyasət kursunu dəyişməsinə ehtiyac yoxdur.
"Mərkəzi Bankın monetar siyasət çərçivəsində müxtəlif ssenarilər üzrə fəaliyyət planları mövcuddur və dəyişən iqtisadi şəraitə uyğun operativ reaksiya vermək imkanımız var. Hazırda “B planı”na keçidi zəruri edən hər hansı əsas yoxdur və buna görə də belə bir ssenari müzakirə edilmir", - deyə o bildirib.
Onun sözlərinə görə, mövcud makroiqtisadi göstəricilər seçilmiş siyasətin davam etdirilməsi üçün kifayət qədər əsas yaradır.
"Makroiqtisadi şərait və mövcud tənzimləyici göstəricilər hazırkı siyasət kursunun davam etdirilməsi üçün əsas verir. Bu səbəbdən də hazırda seçdiyimiz strategiyanı həyata keçirməyə davam edirik", - deyə T.Kazımov qeyd edib.
AMB sədri əlavə edib ki, bütün mərkəzi banklar mümkün risklərə qarşı alternativ fəaliyyət planları hazırlayır.
"Uğurlu monetar siyasətin əsas şərtlərindən biri yaranan vəziyyətə uyğun ən düzgün qərarı vaxtında qəbul etməkdir. Hesab edirik ki, hazırda həyata keçirdiyimiz monetar siyasət orta və uzunmüddətli perspektivdə iqtisadiyyatın qarşılaşa biləcəyi potensial çağırışlara adekvat cavab verəcək", - deyə o vurğulayıb.