Bakı. Trend:
İran və Oman arasında Hörmüz boğazı ilə bağlı müzakirələrdə hələlik bu boğazdan keçidlə əlaqədar rüsumların alınması haqda danışıqlar aparılmır.
Bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bu gün (10 avqust) Tehranda keçirilən mətbuat konfransında deyib.
“Hazırda bəlli olan odur ki, Hörmüz boğazından gəmilərin təhlükəsiz keçidinə nəzarətlə yanaşı, ətraf mühitin qorunması, dəniz xidmətlərinin göstərilməsi istiqamətində mexanizmlərin yaradılmasıdır. Təbii ki, dəniz xidmətləri göstərildiyi halda, onun qarşılığında vəsaitin alınması mütləq olacaq”, - deyə o qeyd edib.
Bəqai bildirib ki, İran və Oman arasında Hörmüz boğazı ilə əlaqədar müzakirələrdə detallar haqda danışıqlar aparılmayıb. Gəmilərin keçidi üzrə xəritə haqda razılaşma əldə olunub. İki ölkənin birgə bəyanatı haqda bir sıra texniki məsələlər mövcuddur və bu haqda danışıqlar aparılır. Ümumilikdə müzakirələr çox konstruktiv şəkildə keçirilir.
Qeyd edək ki, İran ABŞ və İsrailin İrana hərbi hücumları əsas götürərək Hörmüz boğazından gəmilərin keçidinə məhdudiyyət tətbiq edib. Buna cavab olaraq ABŞ də Oman dənizində İrana qarşı dəniz blokadası tətbiq edib. Hörmüz boğazı fonunda davam edən gərginlik dünyanın 15% enerjisi təmin edən körfəz ölkələrinin enerji daşıyıcılarını ixrac etməsini mürəkkəb vəziyyətə salıb.