Bakı. Trend:
"Dolphin" tayfunu bazar günü axşam Çinin sahilyanı Çjetszyan əyalətinə çataraq güclü küləyə səbəb olub və Şərqi Çində hava nəqliyyatının fəaliyyətini pozub.
Bu barədə yerli KİV məlumat yayıb.
Bazar günü saat 14:20-yə olan məlumata görə, Şanxayın iki əsas hava limanında gündəlik uçuşların 80 faizindən çoxu, ümumilikdə 2 230-dan çox reys ləğv edilib. Bazar ertəsi səhər isə 720-dən çox reys ləğv olunub.
Çinin VariFlight xidmətinin məlumatına görə, Xançjou-Syaoshan Beynəlxalq Hava Limanında bazar günü 500-dən çox, bazar ertəsi üçün isə planlaşdırılan 180-dən çox reys ləğv edilib.
Bu arada, bazar günü Çjetszyan əyalətinin bir sıra hava limanlarında, o cümlədən Ninbo Lishe və Vençjou Lunvan hava limanlarında heç bir təyyarə qəbul edilməyib və uçuş həyata keçirilməyib.
Hazırkı proqnozlara görə, bazar günündən çərşənbə gününədək tayfun 44 hava limanına təsir göstərəcək.