Bakı. Trend:
ABŞ qırıcıları F-16 ABŞ Prezidenti Donald Trampın olduğu Nyu-Cersi ştatının Bedminster şəhərindəki qolf-klubunun üzərində uçuşlara tətbiq edilən məhdudiyyətləri pozan bir neçə təyyarəni ələ keçirib.
Bu barədə Şimali Amerikanın Aerokosmik Müdafiə Komandanlığı (NORAD) məlumat yayıb.
“NORAD-ın F-16 qırıcıları bu gün Bedminster üzərində müvəqqəti uçuş məhdudiyyətlərini pozan ümumi aviasiyaya aid bir neçə təyyarəni ələ keçirib. Bütün hava gəmiləri NORAD-a məxsus hava vasitələri tərəfindən təhlükəsiz şəkildə məhdudlaşdırılmış hava məkanından çıxarılıb”, - deyə komandanlığın X sosial şəbəkəsində yaydığı məlumatda bildirilir.
ABŞ Prezidenti adıçəkilən qolf-klubunun sahibidir və həftəsonlarını tez-tez orada keçirir. Tramp cümə günü Bedminsterə gəlib və gözləntilərə görə, bazar günü Vaşinqtona qayıdacaq.