Bakı. Trend:
8 avqust 2025-ci il Cənubi Qafqazın siyasi tarixində yeni səhifənin açıldığı gün kimi yadda qaldı. Məhz həmin gün Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən tarixi görüşdə Azərbaycan və Ermənistan arasında sülh sazişinin razılaşdırılmış mətni paraflandı, tərəflər isə Birgə Bəyannamə imzaladılar. Bu gün həmin hadisədən bir il ötür.
Bunu Trend-ə politoloq Azər Qarayev deyib.
"Bu tarixə yalnız diplomatik təqvimin bir səhifəsi kimi baxmaq mümkün deyil. Vaşinqton görüşü Azərbaycan dövlətinin uzun illər ərzində apardığı ardıcıl siyasətin məntiqi nəticəsi idi. Prezident İlham Əliyevin müəyyən etdiyi strategiya əvvəlcə ölkənin ərazi bütövlüyünün və suverenliyinin bərpasını, daha sonra isə əldə edilmiş nəticələrin diplomatik müstəvidə rəsmiləşdirilməsini nəzərdə tuturdu. Azərbaycan 2020-ci il Vətən müharibəsində hərbi üstünlüyünü ortaya qoydu, 2023-cü ildə isə Qarabağ üzərində tam suverenliyini bərpa etdi. Bundan sonra əsas məsələ hərbi qələbəni davamlı sülh və regional əməkdaşlıq modelinə çevirmək idi", - o bildirib.
A.Qarayev qeyd edib ki, məhz burada Azərbaycanın diplomatik xəttinin əsas xüsusiyyəti özünü göstərdi.
"Bakı müharibənin nəticələrini dəyişdirməyə yönəlmiş cəhdlərə imkan vermədi, eyni zamanda sülh gündəliyini özü formalaşdırdı. Azərbaycan sülh sazişinin beynəlxalq hüququn fundamental prinsipləri, dövlətlərin ərazi bütövlüyü və suverenliyi əsasında qurulmasını tələb etdi. Nəticədə Vaşinqtonda paraflanan sənəddə tərəflərin bir-birinin ərazi bütövlüyünü tanıması, ərazi iddialarından imtina etməsi və gücdən istifadə etməməsi kimi əsas müddəalar əksini tapdı.
Bu, əslində, Azərbaycanın hərbi qələbəsinin diplomatik nəticəyə çevrilməsi idi. Azərbaycan müharibədə qalib gəldiyi kimi, sülh masasından da öz əsas məqsədlərini təmin edən tərəf kimi ayrıldı. Bir vaxtlar Ermənistanın Azərbaycanın ərazilərinə dair iddialarının müzakirə mövzusu olduğu beynəlxalq platformalarda artıq Azərbaycan ərazi bütövlüyünün toxunulmazlığını və dövlətlərarası münasibətlərin məhz bu prinsip üzərində qurulmasını qəbul etdirən tərəf kimi çıxış edirdi", - o bildirib.
Politoloq vurğulayıb ki, Vaşinqton görüşünün digər mühüm nəticəsi ATƏT-in Minsk prosesinin tarixə çevrilməsi oldu.
"Azərbaycan və Ermənistan Minsk prosesi və onunla bağlı strukturların bağlanması üçün birgə müraciət imzaladılar. Beləliklə, 1990-cı illərdən etibarən nəticəsiz vasitəçilik mexanizminə çevrilmiş formatın artıq yeni reallıqlara cavab vermədiyi rəsmən təsdiqləndi.Lakin Vaşinqtonda əldə olunan razılaşmanın əhəmiyyəti yalnız sülh sənədinin özündən ibarət deyil. Görüş Cənubi Qafqazın gələcək geosiyasi və iqtisadi arxitekturası baxımından da mühüm dönüş nöqtəsi oldu.
Bu baxımdan TRIPP (Trump Route for International Peace and Prosperity), yəni Sülh və Rifah naminə Tramp Marşrutu xüsusi əhəmiyyət daşıyır. Birgə Bəyannamədə Ermənistan ərazisində bu bağlantı layihəsi üzrə ABŞ və digər tərəflərlə çərçivənin hazırlanmasına sadiqliyini ifadə etdi. Layihənin əsas məqsədlərindən biri Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz bağlantının yaradılması və bunun daha geniş beynəlxalq nəqliyyat şəbəkəsinə inteqrasiyasıdır.
Bu marşrut Azərbaycanın illərdir irəli sürdüyü Zəngəzur istiqamətində nəqliyyat bağlantısının reallaşması baxımından da strateji əhəmiyyət daşıyır. TRIPP-in formalaşması Azərbaycanın Şərq-Qərb nəqliyyat xəritəsində rolunu daha da gücləndirə, Orta Dəhlizin imkanlarını genişləndirə və Cənubi Qafqazı Avropa ilə Mərkəzi Asiya arasında daha mühüm tranzit məkanına çevirə bilər", - A.Qarayev bildirib.
Onun sözlərinə görə, Vaşinqtonda əldə edilən nəticə eyni zamanda Azərbaycanın xarici siyasətində yeni mərhələnin göstəricisidir.
"Həmin gün Azərbaycan və ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üçün Strateji İşçi Qrupunun yaradılması barədə Anlaşma Memorandumunun imzalanması da Bakının qlobal güclərlə münasibətlərində artan çəkisini nümayiş etdirdi. Bütün bunların fonunda 8 avqust 2025-ci il hadisələrinə nəzər saldıqda aydın görünür ki, Vaşinqtonda baş verənlər bir günün diplomatik uğuru deyildi. Bu, illərlə aparılmış dövlət siyasətinin, hərbi hazırlığın, iqtisadi gücün və ən əsası, Prezident İlham Əliyevin ardıcıl və uzaqgörən siyasi kursunun nəticəsi idi.
Azərbaycan əvvəlcə öz ərazi bütövlüyünü döyüş meydanında təmin etdi, daha sonra isə bu reallığı beynəlxalq siyasi müstəvidə möhkəmləndirdi. Buna görə də 8 avqust yalnız sülhə aparan yolun mühüm mərhələsi deyil, Azərbaycanın müharibədən sonrakı diplomatik qələbəsinin simvoludur. Bir il sonra Vaşinqtondan geriyə baxarkən əsas nəticə dəyişmir: Azərbaycan müharibəni qalib kimi başa vurdu, sülh masasından da qalib kimi ayrıldı. İndi isə həmin qələbənin nəticələri regionda davamlı sülh, təhlükəsizlik, nəqliyyat və iqtisadi əməkdaşlıq sisteminə çevrilir", - politoloq əlavə edib.