Bakı.Trend:
İraq hökumətini formalaşdıran siyasi partiyaların koalisiyası dövlət orqanlarından kənar fəaliyyət göstərən silahlı birləşmələrdən sentyabrın 30-dək silahları təhvil vermələrini tələb edib.
Bu barədə “The National” nəşri yazır.
Koalisiya xəbərdarlıq edib ki, bu tələb yerinə yetirilmədiyi təqdirdə həmin qruplara qarşı terrorçuluq ittihamı irəli sürüləcək.
Nəşrin məlumatına görə, son tarixin elan olunduğu iclasa İraqın Baş naziri Əli əz-Zeydi sədrlik edib. İclasda İraq Prezidenti Nizar Amidi, parlamentin sədri Məhəmməd əl-Həlbusi, İraq Ali Məhkəmə Şurasının sədri Faik Zeydan və İraq Kürdüstanı Muxtar Bölgəsinin Prezidenti Neçirvan Bərzani iştirak ediblər.
Görüşün yekunlarına dair bəyanatda bildirilib ki, hökumət İraq ərazisinin qonşu ölkələrə qarşı hücumlar üçün platformaya çevrilməsinin və ölkənin xalqının maraqlarına cavab verməyən münaqişələrə cəlb olunmasının qarşısını alacaq.
Bəyanatda vurğulanıb ki, hakimiyyətə tabe olmayan silahlı qrupların İraq hüdudlarından kənarda yerləşən hədəflərə hücumları Bağdad üçün "qırmızı xətt" hesab olunur.
Eyni zamanda, hakimiyyət sentyabrın 30-dan sonra dövlət strukturlarından kənarda silahdan istifadə edilməklə törədilən istənilən hərəkətə terrorçuluqla mübarizə haqqında qanunvericiliyə uyğun olaraq reaksiya veriləcəyini bəyan edib.