Bakı. Trend:
Şahdəniz-2 layihəsi çərçivəsində indiyədək ümumilikdə 24 quyu qazılıb.
Bu barədə bp-nin son hesabatında bildirilib.
Şirkətin məlumatına görə, bunlara yatağın şimal cinahında 5, qərb cinahında 5, cənub-şərq cinahında 4, cənub-qərb cinahında 5 və şimal-şərq cinahında 5 quyu daxildir.
bp qeyd edib ki, 2026-cı ilin ilk yarısında Şahdəniz Alfa platformasında SDA09, SDA07 və SDA04 quyularında əlavə perforasiya işləri tamamlanıb, SDA12 quyusunun qazılmasına isə başlanılıb.
Hesabatda bildirilib ki, Şahdəniz-2 layihəsi çərçivəsində quyu proqramı "İstiqlal" və "Heydər Əliyev" qazma qurğularının iştirakı ilə davam etdirilib.
Belə ki, 2026-cı ilin ilk yarısında "İstiqlal" qazma qurğusu qərb cinahında yerləşən SDD05 quyusunu tamamlayıb, cənub-qərb cinahındakı SDF02 quyusunda müdaxilə işləri həyata keçirib və hazırda şimal-şərq cinahındakı SDH04 quyusunda tamamlama işlərini aparır.
Öz növbəsində, "Heydər Əliyev" qazma qurğusu şimal-şərq cinahında yerləşən SDH05 quyusunun qazılmasını başa çatdırıb və qərb cinahındakı SDD06 quyusunun qazılmasına hazırlıq məqsədilə texniki xidmət işlərinə başlayıb.
Şirkətin məlumatına görə, 2026-cı ilin ilk altı ayında Şahdəniz yatağından hasil olunan qaz Azərbaycana (SOCAR-a), Gürcüstana (GOGC-yə), Türkiyəyə (BOTAŞ-a), Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin müxtəlif nöqtələrinə və Avropadakı alıcılara tədarük olunmağa davam edib.
Hesabat dövründə Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından ümumilikdə 14 milyard standart kubmetr qaz və 2 milyon ton (təxminən 15 milyon barel) kondensat hasil olunub.
Şahdəniz layihəsində iştirak payları belə bölüşdürülür: bp (operator – 29,99%), LUKOIL (19,99%), TPAO (19,00%), SGC (16,02%), NICO (10,00%) və MVM (5,00%).