Bakı. Trend:
2026-cı ildə tam orta təhsil bazası üzrə qabiliyyət imtahanlarında iştirak etmək üçün qeydiyyatdan keçən abituriyentlərin sayı ötən illə müqayisədə əhəmiyyətli dərəcədə artıb.
Bu barədə məlumat Dövlət İmtahan Mərkəzinin orta ixtisas təhsil müəssisələrinə qəbul olmaq üçün keçirilən qabiliyyət imtahanları haqqında statistikasında əks olunub.
Statistikaya görə, qeydiyyatdan keçənlərin sayı 2025-ci ildəki 2 396 nəfərdən 2026-cı ildə 3 332 nəfərə yüksəlib. Bu, 936 nəfər və ya 39 faiz artım deməkdir.
Eyni zamanda, imtahanda müsbət nəticə göstərənlərin qeydiyyatdan keçənlərə nisbəti də yüksəlib. Uğur faizi 2025-ci ildə 34,52 faiz olduğu halda, 2026-cı ildə 41,1 faizə çatıb. Bu göstəricilər müraciət edən abituriyentlərin sayındakı artımın keyfiyyət göstəricilərində də öz əksini tapdığını göstərir.
Burada müvafiq cədvəllərdə ixtisaslar üzrə qeydiyyatdan keçənlərin, imtahana gəlməyənlərin, qeyri-məqbul alanların, müsbət qiymət alanların sayı, həmçinin plan yerləri ilə tanış ola bilərsiniz.
Ümumi orta təhsil bazası üzrə qabiliyyət imtahanlarında isə fərqli dinamika müşahidə olunub. Qeydiyyatdan keçənlərin sayı 2025-ci ildəki 2 143 nəfərdən 2026-cı ildə 1 954 nəfərə enib. Bu, 189 nəfər və ya 8,8 faiz azalma deməkdir.
Bununla belə, müsbət nəticə göstərənlərin qeydiyyatdan keçənlərə nisbəti artıb. Belə ki, uğur faizi 2025-ci ildə 53,9 faiz olduğu halda, 2026-cı ildə 55,4 faizə yüksəlib. Bu isə abituriyent sayının azalmasına baxmayaraq, nəticələrin keyfiyyət baxımından müəyyən qədər yaxşılaşdığını göstərir.
Burada müvafiq cədvəllərdə ixtisaslar üzrə qeydiyyatdan keçənlərin, imtahana gəlməyənlərin, qeyri-məqbul alanların, müsbət qiymət alanların sayı, həmçinin plan yerləri ilə tanış ola bilərsiniz.