Bakı. Trend:
Yaponiyanın Hiroşima şəhərində cümə axşamı ABŞ-nin şəhərə atom bombası atmasının 81-ci ildönümü nüvə təhlükələri ilə bağlı narahatlıqların və qlobal gərginliyin artdığı bir vaxtda qeyd olunub.
Trend xəbər verir ki, Yaponiyanın qərbində yerləşən Hirosima Sülh Memorial Parkında keçirilən illik anım mərasimində şəhərin meri Kazumi Matsui Sülh Bəyannaməsini səsləndirib. O, nüvə silahlarının fəlakətli nəticələrini vurğulayaraq, çoxtərəfli əməkdaşlıq yolu ilə nüvə silahlarının yayılmasının qarşısının alınmasına və tərksilah prosesinin irəlilədilməsinə çağırış edib.
"Nüvə silahlarının qeyri-insani mahiyyətini kiçiltmək və öz rifahını təmin etmək üçün gücdən istifadəni qəbul etmək zorakılıq və qisas dövrlərinin yaranmasına, nəticədə isə yeni Hiroşima və ya Naqasaki faciəsinə səbəb ola bilər", – deyə mer bildirib.
Kazumi Matsui atom bombardmanından sağ qalanların sayının ildən-ilə azaldığını qeyd edərək, gənc nəslin təşəbbüs göstərməsinin və nüvə silahlarının ləğvi istiqamətində geniş ictimai həmrəyliyin formalaşdırılmasının vacibliyini vurğulayıb.
Yerli vaxtla saat 08:15-də – 1945-ci il avqustun 6-da ABŞ bombardmançı təyyarəsinin Hiroşimaya atdığı atom bombasının partladığı dəqiq anda – həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Həmin ilin sonunadək bombardman nəticəsində təxminən 140 min nəfər həyatını itirib.
Dünyada ilk nüvə hücumundan üç gün sonra ABŞ Yaponiyanın cənub-qərbində yerləşən Naqasaki şəhərinə ikinci atom bombasını atıb.
Atom bombardmanına məruz qalan yeganə ölkə olan Yaponiya uzun illərdir "Üç qeyri-nüvə prinsipi"nə sadiq qalır. Bu prinsiplər ölkənin nüvə silahına sahib olmasını, onu istehsal etməsini və ya Yaponiya ərazisinə gətirilməsinə icazə verilməsini qadağan edir.