Bakı. Trend:
2025-ci ildə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) bir sıra neft və qaz yataqları üzrə faktiki hasilat və gəlirləri təsdiq edilmiş proqnoz göstəricilərindən aşağı olub.
Bu barədə Hesablama Palatasının Azərbaycan Dövlət Neft Fondunun vəsaitlərinin formalaşdırılması və əsas istiqamətlər üzrə istifadəsinin auditinin nəticələrinə dair hesabatında bildirilir.
Hesabata əsasən, neft yataqları üzrə "Azəri-Çıraq-Günəşli" (AÇG) yatağında illik hasilatın 123,01 milyon barel olacağı proqnozlaşdırıldığı halda, faktiki hasilat 119,81 milyon barel təşkil edib. Bu, 3,20 milyon barel və ya 97,40% icra səviyyəsi deməkdir.
"Bahar" yatağında neft hasilatı proqnozu 0,19 milyon barel, faktiki hasilat 0,18 milyon barel olub. Fərq 0,01 milyon barel, icra faizi isə 92,26% təşkil edib.
Eyni zamanda "Bahar" yatağında 190,53 milyon kubmetr proqnoza qarşı 165,88 milyon kubmetr qaz hasil edilib. Fərq 24,65 milyon kubmetr, icra səviyyəsi 87,06% olub.
"Zığ-Hövsan Abşeron" yatağında isə 0,48 milyon barel proqnoza qarşı 0,38 milyon barel hasilat qeydə alınıb. Fərq 0,09 milyon barel, icra faizi 80,93% təşkil edib.
Digər yataqlar üzrə də proqnoz göstəricilərinə tam nail olunmayıb. "Binəqədi" yatağında 0,99 milyon barel proqnoza qarşı 0,97 milyon barel hasilat qeydə alınıb (icra – 98,25%), "Mişovdağ" və "Kəlaməddin" yataqlarında 0,62 milyon barelə qarşı 0,60 milyon barel (icra – 96,21%), "Kirovdağ" yatağında 1,01 milyon barelə qarşı 0,93 milyon barel (icra – 92,04%), "Kürsəngi" və "Qarabağlı" yataqlarında isə 0,88 milyon barelə qarşı 0,85 milyon barel hasilat qeydə alınıb (icra – 95,60%).
Audit hesabatına əsasən, yataqlar üzrə gəlirlər də proqnozdan aşağı olub. Belə ki, AÇG üzrə 4 955,63 milyon ABŞ dolları gəlir proqnozlaşdırıldığı halda, faktiki daxilolmalar 4 878,18 milyon ABŞ dolları təşkil edib. Fərq 77,44 milyon ABŞ dolları, icra səviyyəsi isə 98,44% olub.
"Bahar" yatağında neft hasilatı üzrə 0,28 milyon ABŞ dolları proqnoza qarşı faktiki gəlir qeydə alınmayıb.
"Bahar" yatağında qaz hasilatı üzrə 0,26 milyon ABŞ dolları proqnoza qarşı 0,11 milyon ABŞ dolları daxil olub. Fərq 0,17 milyon ABŞ dolları, icra faizi 20,41% təşkil edib.
"Zığ-Hövsan Abşeron" yatağı üzrə 3,10 milyon ABŞ dolları proqnoza qarşı 1,64 milyon ABŞ dolları gəlir əldə edilib. Fərq 1,46 milyon ABŞ dolları, icra səviyyəsi 52,94% olub.
"Kirovdağ" yatağında 6,13 milyon ABŞ dolları proqnoza qarşı 5,12 milyon ABŞ dolları gəlir daxil olub. Fərq 1,01 milyon ABŞ dolları, icra faizi 83,48% təşkil edib.
"Suraxanı" yatağı üzrə isə 3,24 milyon ABŞ dolları proqnozlaşdırıldığı halda, faktiki gəlir 1,07 milyon ABŞ dolları olub. Bu da 2,17 milyon ABŞ dolları azalma və 33,06% icra səviyyəsi deməkdir.
"2025-ci ildə Azəri-Çıraq-Günəşli yatağında faktiki neft hasilatı bir sıra əməliyyat və texniki amillərin təsiri nəticəsində o cümlədən, müəyyən quyularda qum təzahürlərinin yaranması, bəzi quyuların müvəqqəti olaraq istismardan çıxarılması, quyu bütövlüyü ilə bağlı amillər, həyata keçirilmiş təmir-bərpa işlərinin gözlənilən nəticəni tam təmin etməməsi və planlaşdırılmamış dayanmaların baş verməsi səbəbindən proqnozlaşdırılmış həcmdən aşağı olmuşdur. Qeyd olunanlar bu gəlir maddəsi üzrə aşağı icraya səbəb olmuşdur", - məlumatda qeyd edilib.