Bakı.Trend:
Çexiyanın beynəlxalq nəqliyyat-logistika şirkəti "MALBI-trans" Rumıniyanın Konstansa limanını Orta Dəhliz üzrə daşımaların inkişafı baxımından əsas istiqamətlərdən biri hesab edir və bu marşrut üzrə yeni logistika layihələrinin işə salınması üzərində işləyir.
Bu barədə "MALBI-trans"ın baş direktoru Liliana Krutonoq Trend-ə verdiyi özəl müsahibədə bildirib.
Onun sözlərinə görə, "Carpatica Feroviar" ilə əməkdaşlıq sazişi 2025-ci ilin iyul ayında Münhendə keçirilən nəqliyyat-logistika sərgisində imzalanıb.
"Tərəflər birgə konfrans keçiriblər. Həmin tədbirdə "MALBI-trans" gümüş sponsor qismində çıxış edib. Nümayəndə heyəti Konstansa limanına və şəhərinə səfər edib, infrastrukturla tanış olub, həmçinin müştərilər üçün təqdimatlar keçirib. Şirkət Konstansanı prioritet, lakin hələ yeni və lazımınca öyrənilməmiş marşrut kimi qiymətləndirir. Bir il əvvəl Konstansada keçirilən konfransda əsas diqqət Orta Dəhlizin 'dar boğazlarının' aradan qaldırılmasına yönəlmişdisə, bu gün artıq onun beynəlxalq logistikadakı artan rolu müzakirə olunur. Geosiyasi dəyişikliklər və qlobal təchizat zəncirlərinin yenidən formalaşması fonunda Orta Dəhliz tədricən Avropa ilə Asiya arasında əsas marşrutlardan birinə çevrilir və artıq ənənəvi istiqamətlərə sadəcə alternativ deyil."Carpatica Feroviar" ilə əməkdaşlığa gəlincə, hazırda iki birgə logistika layihəsi üzərində işləyirik. Onlardan biri Şərqi Avropa – Konstansa marşrutu üzrə yük qatarının təşkilini nəzərdə tutur", – deyə baş direktor vurğulayıb.
O qeyd edib ki, Rumıniyanın dövlət qurumları, o cümlədən Nəqliyyat Nazirliyi marşrutun inkişafı, buraxılış qabiliyyətinin artırılması və infrastrukturun yaxşılaşdırılması məsələlərinə müsbət yanaşır.
"Lakin dəhlizin gələcək inkişafı üçün həm dövlət dəstəyi, həm də özəl investisiyalar vacibdir. Bu gün əsas problem isə iştirakçılar arasında əlaqələndirmənin yetərincə olmamasıdır", – deyə o bildirib.
L.Krutonoqun sözlərinə görə, əsas maneə infrastruktur çatışmazlığı deyil, vahid rəqəmsal standartların olmamasıdır. Belə ki, dəhlizdə yeddi ölkə iştirak edir və onların hər biri fərqli iqtisadi sistemə, gömrük tənzimlənməsinə, yük axınlarının strukturuna və logistika proseslərinin təşkilində özünəməxsus xüsusiyyətlərə malikdir.
"Yükdaşımaları ilə praktik şəkildə məşğul olan şirkət kimi bizim üçün əsas məsələ yüklərin bu marşrut üzrə sürətli və fasiləsiz hərəkətidir. Bunun üçün dəhliz iştirakçısı olan ölkələr arasında qarşılıqlı etimada və vahid məlumat mübadiləsi standartlarına əsaslanan ümumi əməkdaşlıq sistemi qurulmalıdır. Əlbəttə ki, süni intellekt əsaslı vahid rəqəmsal platformanın tətbiqi də zəruridir. Bundan əlavə, geosiyasi vəziyyəti də unutmaq olmaz. Hörmüz boğazı ətrafındakı gərginlik və bunun gəmiçiliyə yaratdığı risklər təchizat zəncirlərində fasilələrə səbəb olur. Nəticədə bazar alternativ marşrutlar axtarmağa başlayır ki, bu da Orta Dəhlizə marağı yenidən artırır. Yeni şəraitə operativ uyğunlaşmaq lazımdır. Buna ən parlaq nümunələrdən biri BƏƏ-nin Füceyrə limanının inkişaf strategiyasıdır. Hörmüz boğazını yan keçməklə yükləri qəbul edə bilən və daha sonra quru nəqliyyatı vasitəsilə istehlak mərkəzlərinə çatdırılmasını təmin edən tamdəyərli qovşağın yaradılması sadəcə layihə deyil, dünyanın artıq təchizat zəncirlərini yenidən qurduğunun sübutudur", – deyə o bildirib.
Baş direktor əlavə edib ki, Praqa, Brno, Ostrava və Çexiyanın digər iri logistika mərkəzlərindən Konstansaya qatarların təşkili planlaşdırılır.
"Məqsəd Konstansa limanının buraxılış qabiliyyətini artırmaq və tərəfdaşların mövcud xidmətlərini genişləndirməkdir ki, həm "MALBI-trans"ın öz yüklərinə, həm də tərəfdaşların birbaşa daşınan yüklərinə xidmət göstərilsin. Şirkət həmçinin tenderlərdə iştirak edir və bu marşrut üzrə Konstansa limanı vasitəsilə daşımalarla bağlı hesablamalar təqdim edir", – deyə o bildirib.
Onun sözlərinə görə, əməkdaşlığın əsas istiqaməti Çexiyadan Konstansa limanına yükdaşımaların təşkili, daha sonra isə yüklərin Potiyə (prioritet istiqamət) və ya Batumiyə çatdırılması, oradan Xəzər dənizi vasitəsilə Aktau limanına və daha sonra Qazaxıstana göndərilməsidir.
"Müştərilərin bu marşruta marağı üç il yarımdan artıq müddətdə formalaşıb. Marşrutun aktuallığını şərtləndirən əsas səbəblərdən biri dövlət iştirakı olan bir çox iri Avropa şirkətlərinin qüvvədə olan sanksiyalar, məhdudiyyətlər və daxili korporativ qaydalar səbəbindən Belarus və Rusiya üzərindən keçən Brest–Malaşeviçi şimal marşrutundan istifadə edə bilməməsidir. Lakin qeyd etdiyim kimi, hazırda Orta Dəhliz artıq təkcə alternativ deyil, Avrasiya üzrə əsas marşrutlardan birinə çevrilməkdədir. İnvestisiyalar baxımından da bunu müşahidə edirik. Məsələn, Potidə yeni terminallar tikilir, Konstansada isə mövcud güclər genişləndirilir.
""CATLIF 2026" Nəqliyyat, Logistika və İnvestisiya Forumunda iri investisiyalar məsələlərini də müzakirə etdik. Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndəsi çıxışında qeyd etdi ki, Orta Dəhliz bank üçün investisiya istiqaməti kimi böyük maraq doğurur. Bəs niyə məhz indi investorlar Avrasiyaya diqqət yetirirlər? Regiona münasibətin dəyişməsində əsas amil nədir? İlk növbədə bu, geosiyasi transformasiya, bunun nəticəsində təchizat zəncirlərinin yenidən qurulması və Mərkəzi Asiyanın əhəmiyyətinin artacağı ilə bağlı gözləntilərdir.
Hazırda Orta Dəhliz üzrə yüklərin hərəkətinə tam nəzarəti təmin etmək üçün bütün zəruri alətlərə malikik. Buraya həm multimodal həllər, həm də birbaşa avtomobil daşımaları daxildir", – deyə L.Krutonoq bildirib.
Qeyd edək ki, "MALBI-trans" Çexiyanın beynəlxalq nəqliyyat-logistika şirkətidir və multimodal yükdaşımalar, o cümlədən Çexiyadan Avropa limanları vasitəsilə Mərkəzi Asiyaya Orta Dəhliz üzrə daşımalar üzrə ixtisaslaşıb. Şirkət bu istiqamətdə 2022-ci ildən fəaliyyət göstərir və Koper (Sloveniya), Triyest (İtaliya) və Konstansa (Rumıniya) limanları vasitəsilə yükdaşımalar sahəsində təcrübəyə malikdir.
Qeyd edək ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən, Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət marşrutudur. Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir.
Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçərək, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. Orta Dəhliz Asiyanın şərq bölgələrini, o cümlədən, Çini Avropa ilə birləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yolu təklif edir.