Bakı.Trend:
Qara dəniz "yaşıl enerji" dəhlizinin (Black Sea Energy) yaradılması layihəsi işlənmə (development phase) mərhələsinə keçib.
"Green Energy Corridor Power Company" (GECO Power) şirkətinin məlumatına görə, müvafiq qərar 30-31 iyul tarixlərində Rumıniyanın Konstansa şəhərində keçirilən şirkətin Direktorlar Şurasının altıncı iclasının yekununda qəbul edilib.
Şirkətdən bildirilib ki, iclas layihənin texniki-iqtisadi əsaslandırma (feasibility studies) tədqiqatlarının başa çatmasından sonra keçirilib. Həmin tədqiqatlar Bakıda keçirilmiş 12-ci nazirlər görüşü zamanı iştirakçı ölkələrin hökumətləri tərəfindən rəsmi şəkildə təsdiqlənib.
"GECO Power"ın məlumatına əsasən, Direktorlar Şurası qarşıdakı aylar üçün prioritet fəaliyyət istiqamətlərini müəyyənləşdirib. Xüsusilə, konseptual layihənin hazırlanmasını, mühəndis işlərinin aparılmasını və satınalma strategiyasının işlənib hazırlanmasını nəzərdə tutan ikinci iş istiqamətinin (Workstream 2) başlanmasına qərar verilib.
"Səhmdarlar işlənmə mərhələsinin həyata keçirilməsi üçün alternativ ssenarilər təqdim ediblər. Şirkət layihənin növbəti mərhələsini dəstəkləmək məqsədilə beynəlxalq layihə tərtibatçıları, texnologiya təchizatçıları və maliyyə institutları ilə əməkdaşlığı da davam etdirəcək.
İclasda müzakirə olunan digər məsələlər sırasında layihənin ilk kabelinin çəkilişi çərçivəsində dəniz dibinin tədqiqi üzrə satınalma proqramının hazırlanması, PMI/PCI proqramının icrası, şirkətin büdcəsinin yerinə yetirilməsi və iştirakçı ölkələrin milli tənzimləyici orqanları ilə əməkdaşlığın gücləndirilməsi yer alıb", – deyə şirkətin məlumatında bildirilir.
"GECO Power"da qeyd olunub ki, Direktorlar Şurası həmçinin şirkətin büdcəsinin icrasını və maliyyə resurslarının səmərəli idarə olunmasını təsdiqləyib.
Xatırladaq ki, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş 2022-ci il dekabrın 17-də Buxarestdə imzalanıb.