Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev yerli hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Mürşüdoba kəndində səyyar qəbul keçirib.
Qəbulda Nərəcan İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Mürşüdoba, Nərəcan, Ağtala, Sabiroba, Çiləgir və Mənçəroba kəndlərinin sakinləri iştirak ediblər.
Rayon rəhbərliyi əvvəlcə Mürşüdoba kəndindəki Şəhidlər Abidə Kompleksinin önünə gül dəstələri düzərək şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib.
Sakinlər əvvəlki səyyar qəbullarda qaldırılan bəzi məsələlərin həlli istiqamətində görülən işlərə görə təşəkkürlərini bildiriblər. Bundan başqa, elektrik təsərrüfatının yenilənməsi və məktəb binasının əsaslı təmiri ilə bağlı təkliflər irəli sürüb, həmçinin bir sıra fərdi müraciətlər səsləndiriblər.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Bir çox müraciət yerindəcə həll edilib.
Sakinlər əhalinin problemlərinin həlli məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.


















