Bakı. Trend:
Almaniyada anomal isti hava şəraiti səbəbindən 100-dən çox şəhər və dairədə su istehlakına məhdudiyyətlər tətbiq edilib.
Bu barədə "Bild" qəzeti xəbər verib.
Nəşrin məlumatına görə, qış və yaz aylarında yağıntının az olması nəticəsində çaylarda su səviyyəsinin aşağı düşməsi, eləcə də Almaniyada müşahidə olunan bir neçə ekstremal isti hava dalğası su qıtlığına səbəb olub. Artıq ölkənin 100-dən çox şəhər və dairəsində su istehlakını məhdudlaşdırmaq üçün qadağalar tətbiq edilib. Qeyd edilib ki, bu sahədə Münhen ön sıralardadır. İyul ayında şəhərdə bağ hovuzlarının su ilə doldurulması, qazonların suvarılması və avtomobillərin yuyulması qadağan edilib.
Hanoverdə havanın temperaturu 27 dərəcədən yuxarı qalxdıqda bağların suvarılması qadağandır. Potsdamda isə dövlətə məxsus saray bağlarının suvarılmasına artıq icazə verilmir. Artıq su istehlakının məhdudlaşdırılması barədə qərarın qüvvədə olduğu Almaniyanın 109 şəhər və dairəsinin əksəriyyətində tədbirlər kənd təsərrüfatına da şamil olunub. Bu isə o deməkdir ki, nasoslar vasitəsilə çay və göllərdən su götürülməsi qadağan edilib. Həmin su adətən əkin sahələrinin suvarılması üçün istifadə olunur.