Bakı. Trend:
Cənubi Koreyada bazar günü 1904-cü ildə müşahidələrə başlanıldıqdan bəri ən yüksək temperatur qeydə alınıb. Ölkənin cənub-şərqində yerləşən Yanqsan şəhərində havanın temperaturu 42,5 dərəcə selsiyə çatıb.
Bu barədə ölkənin Milli Meteorologiya Agentliyi məlumat yayıb.
Qurumun rəsmi saytında bildirilib ki, Busan liman şəhərinin yaxınlığında yerləşən Yanqsanda yerli vaxtla saat 13:26-da (Bakı vaxtı ilə 08:26) termometrlər 42,5°C göstərib.
İyulun ortalarında Cənubi Koreya tarixində ilk dəfə olaraq ən yüksək səviyyəli meteoroloji xəbərdarlıq elan etmişdi.
"Bu xəbərdarlıq sistemi tətbiq olunduqdan sonra ilk dəfədir ki, belə bir xəbərdarlıq verilir", – deyə Meteorologiya Agentliyinin rəhbəri Li Mi Son bildirmişdi.
Onun sözlərinə görə, ən yüksək səviyyəli xəbərdarlıq "hətta sağlam insanların belə istiliklə əlaqəli xəstəliklər və ölüm halları da daxil olmaqla ciddi sağlamlıq problemləri riski ilə üzləşdiyini" ifadə edir.
Milli Meteorologiya Agentliyinin məlumatına görə, ölkədə isti hava dalğalarının illik orta sayı 1970-ci illərdəki 8 gündən son beş ildə 19 günə yüksəlib. Temperaturun maksimum 33°C və ya daha yüksək olduğu günlər "isti hava dalğası" günü kimi qeydə alınır.