Bakı. Trend:
Konqo Demokratik Respublikasında "Ebola" virusunun yayılması "misilsiz sürətlə" genişlənir.
"Le Figaro" qəzeti xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yaydığı bəyanatda vəziyyətlə bağlı xəbərdarlıq edərək cavab tədbirlərinin əhəmiyyətli dərəcədə gücləndirilməsinə çağırıb.
"Bu epidemiya Konqo Demokratik Respublikasında indiyədək qeydə alınmış ən irimiqyaslı Ebola yayılmasıdır", – deyə qəzet Konqo hakimiyyətinin bir gün əvvəl açıqladığı məlumatları təsdiqləyən ÜST-nin press-relizinə istinadən bildirir.
ÜST-nin məlumatına görə, iyul ayının sonuna olan vəziyyətə əsasən, KDR-də ümumilikdə 3 605 təsdiqlənmiş yoluxma halı qeydə alınıb. Onlardan 1 587-si ölümlə nəticələnib ki, bu da 44 faiz ölüm göstəricisinə uyğundur.
Epidemiya dövlət idarəçiliyinin zəif olduğu və səhiyyə infrastrukturunun ciddi şəkildə çatışmadığı bölgələri əhatə edir. ÜST xəbərdarlıq edir ki, epidemiya "güclənməkdə davam edir, virusun davamlı ötürülməsi müşahidə olunur, qeydə alınan yoluxma və ölüm halları isə durmadan artır".