Bakı. Trend:
Nazirlər Kabineti avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımalarını həyata keçirən daşıyıcılara ödəniləcək subsidiyanın və xidmətin dəyərinin hesablanması qaydasını təsdiqləyib.
Baş nazir Əli Əsədovun imzaladığı qərarla “Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları xidmətinin dəyərinin və subsidiyanın hesablanması Qaydası” təsdiq olunub.
Sənəd Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin müəyyən etdiyi tələblərə cavab verən və müsabiqə yolu ilə seçilən daşıyıcılara şamil ediləcək.
Qaydaya əsasən, daşıyıcılara veriləcək subsidiya sərnişinlərdən yığılan gediş haqqı ilə göstərilən xidmətin hesablanmış dəyəri arasında yaranan mənfi fərqin dövlət büdcəsi hesabına ödənilməsi yolu ilə müəyyən ediləcək. Xidmətin dəyəri isə əməliyyat xərcləri, kapital xərcləri və daşıyıcının mənfəəti nəzərə alınmaqla hesablanacaq.
Sənədə görə, xidmətin dəyərinin hesablanması zamanı sürücülərin əməkhaqqı, sosial ayırmalar, yanacaq və ya elektrik enerjisi xərcləri, texniki xidmət və təmir, tam sığorta (kasko), eləcə də avtobusların istismarı ilə bağlı digər əsaslandırılmış xərclər nəzərə alınacaq. Hər bir avtobus sinfi üzrə 1 kilometr yürüşün dəyəri xüsusi düsturlar əsasında hesablanacaq.
Qaydada sürücülərin orta aylıq əməkhaqqının hesablanma mexanizmi də müəyyən edilib. Əməkhaqqı nəqliyyat sahəsində orta nominal əməkhaqqı, avtobusun sinfi və xidmət göstərilən inzibati ərazi üzrə tətbiq olunan əmsallar əsasında hesablanacaq. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üçün regional əmsal 1,4, digər inzibati ərazi vahidləri üçün isə 1,0 olacaq. Avtobusun sinfindən asılı olaraq sürücülər üçün 0,6, 0,8 və 1,0 əmsalları tətbiq ediləcək.
Yanacaq və enerji xərcləri avtobusun dizel, sıxılmış təbii qaz və ya elektriklə işləməsindən asılı olaraq müəyyən ediləcək. Dizel mühərrikli avtobuslar üçün “AdBlue” mayesinin xərcləri də hesablamalara daxil ediləcək.
Texniki xidmət və təmir xərclərinə sürtkü materialları, şinlərin təmiri və dəyişdirilməsi, ehtiyat hissələri, texniki xidmət işçilərinin əməkhaqqı, reysqabağı texniki baxış və digər xidmət xərcləri daxil ediləcək. Kasko sığortası üzrə xərclər isə Agentliyin daşıyıcılar və sığorta şirkətləri arasında apardığı sorğuların nəticələrinə əsasən müəyyən olunacaq.
Qərarda avtobusların istismarı ilə bağlı nəzərə alınacaq digər xərclər də sadalanıb. Bunlara qaraj xərcləri, dövri texniki baxış, vergilər və digər məcburi ödənişlər, mülki məsuliyyətin icbari sığortası, lizinq, kommunal xidmətlər, avtobusların yuyulması və sanitar emalı, nasaz nəqliyyat vasitələrinin təxliyəsi, reysqabağı tibbi müayinələr, gecə növbəsində çalışan işçilərin daşınması, təhlükəsizlik, dispetçer xidməti, rabitə və poçt xərcləri, proqram təminatı, inzibati heyətin əməkhaqqı, kargüzarlıq, statistik hesabatların hazırlanması və idarəetmənin təkmilləşdirilməsi ilə bağlı xərclər daxildir.
Qaydaya əsasən, kapital xərcləri avtobusun alış qiyməti, nəqliyyat və gömrük rəsmiləşdirilməsi xərcləri, həmçinin lizinq və kredit faizləri nəzərə alınmaqla hesablanacaq. Yeni və istismar olunmuş avtobuslar üçün ayrıca hesablama mexanizmləri müəyyən edilib. İstifadə olunmuş avtobusların qalıq dəyəri və qalıq yürüşü onların buraxılış tarixindən keçən müddət nəzərə alınmaqla hesablanacaq.
Daşıyıcının mənfəəti əməliyyat xərclərinin 10 faizi həcmində müəyyən ediləcək. Xidmətin ümumi dəyəri isə müqavilə üzrə yerinə yetirilən faktiki xidmət həcmindən asılı olacaq.
Qərarla subsidiyanın hesablanması mexanizmi də müəyyənləşdirilib. Subsidiya ay ərzində göstərilən xidmətin dəyərindən gediş haqqı hesabına toplanan vəsait çıxıldıqdan sonra yaranan fərq əsasında hesablanacaq. Gediş haqqı Agentliyin hesabına köçürüləcək, xidmətlərin maliyyələşdirilməsi isə həmin vəsait, “İctimai nəqliyyat” Məqsədli Büdcə Fondunun subsidiyası və qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına həyata keçiriləcək. Agentlik daşıyıcılara avans ödəyə, ödənişləri isə yalnız nağdsız qaydada həyata keçirə biləcək.
Sənədə əsasən, hər təqvim ili başa çatdıqdan sonra 30 iş günü ərzində Agentlik və daşıyıcılar qarşılıqlı hesablaşmaları üzləşdirəcəklər. Borc və ya artıq ödəniş aşkar edildiyi halda tərəflər 2 iş günü ərzində bir-birini yazılı məlumatlandıracaq, ödəniş və ya vəsaitin geri qaytarılması isə bildiriş alındıqdan sonra 7 iş günü ərzində həyata keçiriləcək.
Qərarda qeyd olunub ki, xidmətin dəyərinə Agentlik tərəfindən ildə ən azı bir dəfə, həmçinin yanacağın qiymətinin dəyişməsi, vergi və digər məcburi ödənişlərin artması, avtomobillərin təmir xidmətlərinin 10 faiz və ya daha çox bahalaşması, milli valyutanın devalvasiyası və ya 10 faizdən çox inflyasiya kimi hallar baş verdikdə yenidən baxılacaq. Dəyişikliklər müqavilənin ayrılmaz hissəsi olan protokolla rəsmiləşdiriləcək.
Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi tələblərdə nəzərdə tutulan maksimum istismar müddətini və yürüş həddini keçmiş avtobuslarla sərnişindaşıma xidmətinin göstərilməsinə yol verilməyəcək. Dövlət vəsaiti hesabına alınmış avtobuslarla məsafə əsaslı daşımalar həyata keçirildikdə isə subsidiyanın hesablanması zamanı kapital xərcləri nəzərə alınmayacaq.