Çolpon-Ata. Trend:
Yaxın vaxtlarda Azərbaycan və Qırğızıstan arasında neft və neft məhsullarının tədarükü üzrə əməkdaşlıq mexanizminin hazırlanması planlaşdırılır.
Trend-in xüsusi müxbiri xəbər verir ki, bunu Qırğızıstanın energetika naziri Altınbek Rısbekov Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının iclası çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, bu gün Qırğızıstan və Azərbaycan arasında neft məhsullarının tədarükü və energetika sahəsində əməkdaşlığın inkişafına dair sənədlər imzalanıb.
"Bugünkü memorandum bizə yaxşı, sıx tərəfdaşlıq münasibətləri qurmaq imkanı verəcək. Söhbət məhz neft məhsullarının tədarükü sahəsində əməkdaşlıqdan gedir. Artıq ilkin razılaşmalarımız var. İndi isə həyata keçirmə mexanizmlərini - tədarüklərin necə həyata keçiriləcəyi və bundan sonra hansı istiqamətdə irəliləyəcəyini - işləyib hazırlamalıyıq", – deyə o bildirib.
Nazir əlavə edib ki, oxşar işlər elektroenergetika sahəsində də aparılır. Bu istiqamətdə tərəflər yol xəritəsi də imzalayıblar. Onun sözlərinə görə, Qırğızıstan bu sahədə əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.
"Düşünürəm ki, gələcəkdə ölkələrimiz arasında həm neft məhsulları, həm də energetika sahəsində yaxşı və dostluq münasibətləri formalaşacaq", – deyə o vurğulayıb.
Altınbek Rısbekov qeyd edib ki, hazırda neft məhsullarının tədarük həcmləri ilə bağlı ilkin danışıqlar aparılır. Tərəflər artıq qarşılıqlı niyyətlərini ifadə ediblər və yaxın vaxtlarda konkret tədarük həcmləri, eləcə də onların həyata keçirilməsi mexanizmləri müəyyənləşdiriləcək.
"Müddətlərə gəlincə, bu gün ikitərəfli görüşlər zamanı müvafiq tapşırıqlar verilib. Yaxın günlərdə mexanizmlər dəqiq şəkildə müəyyənləşdiriləcək. Düşünürəm ki, təxminən bir həftə ərzində konkret yol xəritəsi hazırlanacaq və əməkdaşlığın dəqiq mexanizmi məlum olacaq. Söhbət neft məhsulları, neft, eləcə də energetika sahəsində əməkdaşlıqdan gedir", – deyə nazir bildirib.