Bakı. Trend:
Polşa Prezidenti Karol Navrotski yeni tədris ilindən etibarən məktəblərdə smartfonlardan istifadənin qadağan edilməsini nəzərdə tutan qanunu imzalayıb.
Bu barədə "RMF24" məlumat yayıb.
Bildirilib ki, dövlət başçısı təhsil haqqında qanuna edilən dəyişiklikləri təsdiqləyib. Yeni qaydalara əsasən, 2026-cı il sentyabrın 1-dən etibarən məktəblərdə və məktəbəqədər təhsil müəssisələrində smartfonlardan istifadə qadağan ediləcək.
Qanuna görə, dövlət və ya özəl olmasından asılı olmayaraq, bütün təhsil müəssisələrində şagirdlər məktəb ərazisində, o cümlədən tənəffüslər və sinifdənkənar tədbirlər zamanı smartfonlardan, eləcə də oxşar funksiyalara malik digər elektron cihazlardan istifadə edə bilməyəcəklər.
Qadağa uşaq bağçalarına da şamil ediləcək.
Bununla belə, qanunda bir sıra istisnalar nəzərdə tutulub. Müəllim tədris məqsədilə smartfon və ya planşetdən istifadəyə ehtiyac duyduğu, yaxud şagirdin valideynləri ilə təcili əlaqə saxlaması zəruri olduğu hallarda bu cihazlardan istifadəyə icazə veriləcək.
Bundan əlavə, əlilliyi və ya xüsusi təhsil ehtiyacları olan şagirdlər, həmçinin sağlamlıq vəziyyətinə görə xüsusi tətbiqlərdən və ya smartfon vasitəsilə idarə olunan tibbi avadanlıqlardan istifadə etməli olan şəxslər gün ərzində bu cihazlardan yararlana biləcəklər.