Bakı.Trend:
SOCAR AQŞ “Bulla-dəniz” yatağında növbəti quyunun qazma və tamamlama işlərini uğurla başa çatdırıb
Bu barədə şirkətin rəsmi saytında dərc olunan məlumatda deyilir.
Məlumatda qeyd olunur ki, şirkət yatağın 6 saylı stasionar dəniz özülündən (SDÖ) qazılan 118 saylı yüksək təzyiqli və temperaturlu maili istismar quyusunda qazma və tamamlama işlərini yekunlaşdırıb.
“Bulla-dəniz” yatağı 1975-ci ildə kəşf edilmiş və Bakı arxipelaqında yerləşən strateji əhəmiyyətli qaz-kondensat yataqlarından biridir. Yatağın işlənilməsi çərçivəsində həyata keçirilən bu layihənin əsas məqsədi qaz ehtiyatlarının daha dəqiq qiymətləndirilməsi və yeni qaz-kondensat quyusunun istismara verilməsi idi", - deyə qeyd olunur.
Layihə çərçivəsində 118 nömrəli maili istismar quyusunda qazma işləri 5800 metr dərinliyədək “açar təhvili” prinsipi əsasında uğurla həyata keçirilib. Daha sonra 5.5 × 7 ölçülü istismar quyruq kəməri endirilərək kipliyə yoxlanılıb və sifarişçi SOCAR-ın "Azneft" İstehsalat Birliyinə təhvil verilib.
“Bulla-dəniz yatağının mürəkkəb geoloji xüsusiyyətlərinə və qazma prosesi zamanı müxtəlif dərinliklərdə rast gəlinən texniki çətinliklərə baxmayaraq, layihəni beynəlxalq standartlara uyğun, təhlükəsiz və yüksək keyfiyyətlə həyata keçirdik. Bu nəticə sifarişçimiz və podratçı tərəfdaşlarımızla səmərəli əməkdaşlığın, komandamızın peşəkarlığının və operativ mühəndis qərarlarının məntiqi nəticəsidir,” - deyə SOCAR AQŞ-nin Baş direktoru Samir Mollayev bildirib.
Qazma mərhələsinin uğurla başa çatdırılmasının ardından quyunun tamamlama işləri də peşəkar mühəndis yanaşması, düzgün planlaşdırma və bütün maraqlı tərəflərin vahid komanda şəklində əməkdaşlığı nəticəsində qeyri-məhsuldar vaxt yaranmadan planlaşdırılandan daha qısa müddətdə yekunlaşdırılıb. Perforasiya əməliyyatları uğurla icra olunub və quyu yüksək debitlə istismara verilib.
"Layihənin mühüm nailiyyətlərindən biri kimi quyunun tamamlama dizaynı və əməliyyat addımları optimallaşdırılıb. Bunun nəticəsində Azneft və Nərimanov Neft və Qaz Çıxarma İdarəsinin tarixində ilk dəfə olaraq quyudibi təzyiqi və temperaturu fasiləsiz izləyəcək quyudibi manometr quraşdırılıb. Bu həll hasilatın monitorinqi və quyunun daha səmərəli idarə olunması baxımından mühüm əhəmiyyət daşıyır.
SOCAR AQŞ bu uğurlu layihədə göstərdikləri əməkdaşlıq və dəstəyə görə sifarişçi Azneft İB-yə, eləcə də layihədə iştirak edən podratçı tərəfdaşlara və bütün əməkdaşlara təşəkkürünü bildirir.
“Bulla-dəniz” yatağında əldə olunan bu uğurlu nəticə SOCAR AQŞ-nin mürəkkəb geoloji şəraitdə təhlükəsiz, səmərəli və innovativ qazma və tamamlama həllərini tətbiq etmək bacarığını bir daha nümayiş etdirir. Şirkət gələcək layihələrdə də ölkənin enerji sektorunun inkişafına töhfə verməyə davam edəcək",-deyə məlumatda vurğulanır.