Bakı.Trend:
Dağıstan hökümətinin başçısı Maqomed Ramazanov Dağıstanın Azərbaycanla sərhəddə yerləşən "Yaraq-Qazmalar" avtomobil buraxılış məntəqəsinə baş çəkərək, orada davam etdirilən modernləşdirmə işləri ilə tanış olub.
Dağıstan Respublikası Hökumətinin rəsmi portalında dərc edilən məlumata görə, buraxılış məntəqəsi Rusiyanın Azərbaycanla, Azərbaycan vasitəsilə isə İran, Hindistan və Xəzəryanı, eləcə də Asiya regionunun digər ölkələri ilə nəqliyyat əlaqəsini təmin edir. Bu məntəqə "Şimal–Cənub" beynəlxalq nəqliyyat dəhlizinin əsas həlqələrindən biri hesab olunur. Obyektin genişmiqyaslı yenidənqurma işlərinə 2020-ci ildə başlanılıb.
Qeyd olunub ki, 2025-ci ilin yekunlarına əsasən, buraxılış məntəqəsinin buraxıcılıq qabiliyyəti 11 faiz artıb. Hazırda məntəqədən hər gün 640-dək yük avtomobili keçir.
Obyektdə həmçinin gömrük nəzarəti üçün müasir rəqəmsal sistemlər tətbiq olunur. Plana əsasən, 2026-cı ilin sonunadək bir yük avtomobilinin yoxlanılması üçün tələb olunan vaxt 10 dəqiqəyədək azaldılacaq.