Bakı.Trend:
Son üç ildə Azərbaycanda müasir suvarma sistemlərinin tətbiq olunduğu ərazilərin həcmi 85–87 min hektardan 127 min hektara çatdırılıb. Qarşıya qoyulan hədəfə uyğun olaraq, 2030-cu ilin sonunadək bu göstəricinin 300 min hektara çatdırılması nəzərdə tutulur.
Bu fikirləri Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev Lənkəran rayonunda “Aqrar sahədə müasir suvarma sistemlərinin təşviqi” mövzusunda keçirilən tədbirdə səsləndirib.
Sərdar Hacıyev bildirib ki, müasir suvarma texnologiyalarının tətbiqi, su itkilərinin azaldılması və su ehtiyatlarından səmərəli istifadə kənd təsərrüfatının dayanıqlı inkişafı baxımından əsas prioritetlərdəndir.
Onun sözlərinə görə, 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramında su ehtiyatlarından səmərəli istifadə, innovativ texnologiyaların tətbiqinin genişləndirilməsi və iqlim dəyişikliklərinə uyğunlaşma aqrar sahənin əsas inkişaf istiqamətləri kimi müəyyən edilib.
Sədr qeyd edib ki, müasir suvarma texnologiyalarının uğurlu tətbiqində fermerlərin bilik və bacarıqlarının artırılması xüsusi əhəmiyyət daşıyır. Bu məqsədlə Aqrar Təlim Mərkəzi torpaq və su resurslarından səmərəli istifadə, iqlim dəyişikliklərinə uyğunlaşma, məhsuldarlığın artırılması və müasir kənd təsərrüfatı texnologiyalarının tətbiqi istiqamətində ardıcıl təlim və maarifləndirmə tədbirləri həyata keçirir.
Sərdar Hacıyev bildirib ki, 2026-cı ilin ilk altı ayı ərzində Aqrar Təlim Mərkəzi tərəfindən ümumilikdə 628 təlim və maarifləndirici tədbir təşkil olunub. Bunlardan 401-i ixtisaslaşmış təlim, 112-si işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların istifadəsinə dair təlim, 63-ü ümumtəhsil müəssisələrində maarifləndirici görüş, 20-si nümunəvi təsərrüfatlarda sahə görüşü, 32-si isə dövlət–özəl tərəfdaşlığı çərçivəsində keçirilən təlimlər olub. Tədbirlər respublikanın 52 rayonunu əhatə edib və ümumilikdə 16 min 709 fermer, kənd təsərrüfatı istehsalçısı və digər maraqlı şəxsin bilik və bacarıqlarının artırılmasına töhfə verib.