Bakı.Trend:
Fransanın Jironda və Land departamentlərində meşə yanğınlarının davam etdiyi ərazilərdə çərşənbə günü havanın keyfiyyəti göstəriciləri "çox pis"dən "son dərəcə pis" kateqoriyasına yüksəlib .
Bu barədə Yeni Akvitaniya bölgəsində havanın keyfiyyətinə nəzarət edən “Atmo Nouvelle-Aquitaine” təşkilatı məlumat yayıb.
Təşkilatın məlumatına görə, mövcud ekoloji vəziyyət birbaşa davam edən meşə yanğınları və onların atmosferdə PM2.5 və PM10 xırda dispers hissəciklərinin konsentrasiyasına təsiri ilə əlaqədardır. Bu ərazilərdə havanın çirklənməsi həm yanğınlardan yaranan tüstü, həm də isti və günəşli hava şəraitinin əmələ gəlməsini sürətləndirdiyi ozonun konsentrasiyasının artması ilə bağlıdır.
BFMTV telekanalı xəbər verib ki, çərşənbə günü Jironda departamentində havanın temperaturu 42 dərəcəyədək yüksələ bilər ki, bu da yanğının söndürülməsini çətinləşdirə bilər.
Qeyd edək ki, Qərbi Avropada, xüsusilə İspaniya və Fransada baş verən meşə yanğınları bu il rekord miqyaslara çatıb. Avropa Komissiyası bildirib ki, Aİ-nin Mülki Müdafiə Mexanizmi çərçivəsində yanğınların söndürülməsi üçün 13 təyyarə, 4 helikopter, həmçinin Avropa İttifaqının müxtəlif ölkələrindən yüzlərlə yanğınsöndürən səfərbər edilib.