Bakı. Trend:
İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi bildirib ki, Hörmüz boğazının 2026-cı il fevralın 28-dək mövcud olmuş statusunun bərpası artıq mümkün deyil.
Bu barədə "The National" qəzeti İran dövlət televiziyasına istinadla məlumat yayıb.
Nəşrin yazdığına görə, Qəribabadi bildirib ki, "Hörmüz boğazı heç vaxt müharibədən əvvəlki vəziyyətinə qayıtmayacaq".
"Əgər Hörmüz boğazı əvvəlki vəziyyətinə qayıtsa, bu, müharibədə əldə etdiyimiz uğurun tam olmadığını göstərəcək", – deyə o əlavə edib.
Nazir müavini qeyd edib ki, İran hakimiyyəti gəmilərin Hörmüz boğazından keçidi üçün Omanla müvəqqəti marşrutların yaradılmasını müzakirə etməyi planlaşdırır.
Qəribabadinin sözlərinə görə, Oman Hörmüz boğazı üzərində nəzarətin 50/50 prinsipi əsasında bölüşdürülməsini təklif edib. Lakin Tehran bu təklifi İranın milli maraqlarını kifayət qədər təmin etmədiyi qənaətinə gələrək rədd edib.