Bakı.Trend:
“Johnson & Johnson” şirkəti ABŞ-də tərkibində talk (talk — əsasən maqnezium, silisium və oksigendən ibarət təbii mineraldır; nəmi azaltmaq və sürtünməni minimuma endirmək xüsusiyyətinə görə istifadə olunur) olan uşaq pudrası ilə bağlı qaldırılmış on minlərlə məhkəmə iddiasının nizamlanması barədə razılıq əldə edib. Barışıq sazişi çərçivəsində 5,5 milyard dollar həcmində ödənilməsi nəzərdə tutulur.
Şirkətin açıqlamasına görə, razılaşma ABŞ-də bu kateqoriya üzrə hələ həllini tapmamış işlərin təxminən 99,75 faizini təşkil edən 69 minə yaxın iddianı əhatə edir. Bununla belə, saziş yalnız iddiaçıların azı 95 faizi tərəfindən dəstəklənəcəyi təqdirdə qüvvəyə minəcək.
İddiaların əksəriyyəti talk tərkibli uşaq pudrasından uzunmüddətli istifadənin onkoloji xəstəliklərin, ilk növbədə, yumurtalıq xərçənginin inkişaf riskini artıra biləcəyi iddiaları ilə bağlıdır. “Johnson & Johnson” bu ittihamları rədd edərək bildirir ki, elmi araşdırmalar talkdan istifadə ilə xərçəngin yaranması arasında səbəb-nəticə əlaqəsini təsdiqləmir.
2024-cü ildə Ümumdünya Səhiyyə Təşkilatının Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi talkı "insanlar üçün ehtimal olunan kanserogen" maddələr sırasına daxil edib. Məhkəmə çəkişmələri fonunda şirkət 2020-ci ildə ABŞ-də talk tərkibli uşaq pudrasının satışını dayandırıb, 2023-cü ildən isə bu məhsulun bütün dünyada satışından tamamilə imtina edib.