Bakı. Trend:
İran bölgədə sabitliyin bərpası üçün birgə diplomatik səylərin göstərilməsinin tərəfdarıdır.
Bunu İran xarici işlər naziri Seyid Abbas Əraqçi Oman xarici işlər naziri Bədr Əlbusəidi və Səudiyyə Ərəbistanı xarici işlər nazirləri Feysəl Bin Fərhan ilə ayrı-ayrılıqda telefon söhbətində deyib.
“ABŞ-nin hücumları nəticəsində Hörmüz boğazında yaranan destabil vəziyyətin aradan qaldırılması və regionda sabitliyin bərpa olunması üçün birgə diplomatik səylərin göstərilməsi, eləcə də əməkdaşlığın möhkəmləndirilməsi zərurət daşıyır”, - deyə o bildirib.
Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7 apreldə atəşkəs razılaşması əldə olunub.
18 iyunda İran və ABŞ arasında sülh memorandumu imzalanıb. Memorandumu İran prezidenti Məsud Pezeşkian və ABŞ prezidenti Donald Tramp imzalayıblar. 19 iyundan sözügedən memorandum qüvvəyə minib.
Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb.