Bakı. Trend:
Artıq Qırğızıstana, Qırğızıstandan və ölkə ərazisindən tranzit uçuşlar həyata keçirərkən bütün şirkətlər sərnişinləri təyyarə göyərtəsində qırğız dilində məlumatlandırmalı olacaqlar.
Bu barədə "Qırğızıstan Hava Limanları" ASC-nin "Telegram" kanalında məlumat verilib.
Yeni tələblər respublikaya beynəlxalq reyslər həyata keçirən həm milli, həm də xarici aviadaşıyıcılara şamil edilir. Əvvəllər göyərtədə elanlar, bir qayda olaraq, ingilis, rus və uçuşun başladığı ölkənin dilində səsləndirilirdi.
Yeni qaydalara əsasən, təhlükəsizlik təlimatları, fövqəladə hallar zamanı davranış qaydaları, uçuş və enişlə bağlı məlumatlar, eləcə də digər məcburi elanlar qırğız dilində də səsləndirilməlidir. Bununla yanaşı, həmin məlumatların məzmunu digər dillərdə səsləndirilən mətnlərlə tam eyni olmalıdır.
Aviaşirkət rəhbərlərinə qırğız dilində bütün zəruri elanların rəsmi mətnlərini hazırlamaq və yeni tələblərin şamil olunduğu bütün reyslərdə onlardan istifadə etmək tapşırılıb.