Bakı. Trend:
Səudiyyə Ərəbistanı hərbi pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.
Bu barədə “Al-Jazeera” telekanalı Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Məlumata görə, dronlar İraq istiqamətində ölkənin hava məkanına daxil olub. Ölkənin hava hücumlarından müdafiə sistemləri onları uğurlu şəkildə zərərsizləşdirib.
Nazirliyin məlumatına görə, PUA-lar ölkənin şərqində yerləşən neft obyektlərinə hədəflənmişdi.
Müdafiə nazirliyinin rəsmiləri əmin edir ki, dronlar İraqda fəaliyyət göstərən İran-yönümlü silahlı qruplaşmalar tərəfindən buraxılıb.
Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb.