Bakı. Trend:
İranın mövqeyi Nüvə Silahlarının Yayılmamasına dair Sazişə (NPT) üzv hər bir ölkənin nüvə enerjisindən dinc məqsədlə istifadə etməsinə dair öz hüququndan faydalanmasıdır.
Bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bu gün (27 iyul) Tehranda keçirilən mətbuat konfransında deyib.
“Nüvə Silahlarının Yayılmamasına dair Saziş çərçivəsində dincməqsədli nüvə enerjisindən istifadə etmək hər bir üzv ölkənin haqqıdır. ABŞ tərəfi seçimli davranışları ilə İranın bu haqqdan istifadə etməsinə əngəl yaradır. ABŞ-nin İran əleyhinə hərəkətlərinin arxasında İranın bu haqdan istifadə etməyə israrlı qalması durur”, - deyə o qeyd edib.
Bəqai bildirib ki, region ölkələrinin texnologiyanı öz ölkələrinə nəql etmək və yerli inkişafa nail olmaq haqqı var. Bəzi tərəflər nüvə texnologiyasının regiona nəql olunmasının qarşısını almaq üçün heç bir addımı atmaqdan çəkinmir.
Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7 apreldə atəşkəs razılaşması əldə olunub.
18 iyunda İran və ABŞ arasında sülh memorandumu imzalanıb. Memorandumu İran Prezidenti Məsud Pezeşkian və ABŞ Prezidenti Donald Tramp imzalayıblar. 19 iyundan sözügedən memorandum qüvvəyə minib.
Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb.