Bakı. Trend:
Qarşı tərəflərin ehtimal olunan hücumlarına daha sərt cavab veriləcək.
Bu, İran ordusunun yaydığı məlumatda öz əksini tapıb.
“İran ordusu ölkənin ərazi bütövlüyü və müstəqilliyinin qorunması istiqamətində zərrə qədər səhlənkarlıq etməyəcək və qarşı tərəflərin hücumlarına daha sərt cavab verəcək”, - deyə məlumatda bildirilir.
İran ordusu qeyd edir ki, ordu ölkənin digər silahlı qüvvələri ilə yanaşı istənilən hədə və planlar qarşısında həmişə hazır vəziyyətdədir.
İran ordusu əlavə edib ki, İran silahlı qüvvələri ölkənin istənilən məkanında düşmənlə mübarizə aparmağa hazırdır və ölkənin ərazi bütövlüyünün müdafiəsinin ön cəbhəsində dayanaraq hər bir ehtimal olunan hərəkətə reaksiya verə bilər.
Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb.