Bakı. Trend:
İranın şimal-qərbində yerləşən Ərdəbil vilayəti Azərbaycanla dəmiryolu terminalının istifadəyə verilməsinə maraq göstərir.
Bunu İranın Ərdəbil vilayətinin valisi Məsud İmami Yeganə İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu ilə görüşdə deyib.
“Ərdəbil vilayətinin Azərbaycanla əlaqələri və münasibətləri həmişə dostluq münasibətləri olub. Azərbaycanla birlikdə dəmiryolu terminalının istifadəyə verilməsi tərəflər arasında idxal və ixrac həcmini artıracaqdır”, - deyə o bildirib.
İmami Yeganə əlavə edib ki, İranın Ərdəbil vilayətinin Azərbaycanla ən uzun birgə sərhədi var. İki tərəf arasında iqtisadi, mədəni və tranzit əməkdaşlığının inkişaf etdirilməsi Ərdəbil vilayətinin prioritetləri sırasına daxildir.
Ərdəbil valisi qeyd edib ki, dəmiryolu terminalının istifadəyə verilməsi logistika baxımından hər iki tərəfin xeyrinədir.
Görüşdə İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu da bildirib ki, dəmiryolu terminalının istifadəyə verilməsi diqqət mərkəzindədir. Müxtəlif sahələrdə, xüsusilə kənd təsərrüfatı sektorunda investisiya iş adamlarının marağını kəsb edir.
İran səfiri əlavə edib ki, iki tərəf arasında əlaqələri nəzərə alaraq müxtəlif iqtisadi, mədəni və tranzit sahəsində əməkdaşlığın artırılması diqqət mərkəzindədir.
Xatırladaq ki, İranın Ərdəbil vilayətinin valisi Məsud İmami Yeganə Trend-ə açıqlamasında bildirmişdi ki, İranın şimal-qərbində yerləşən Ərdəbil vilayətində Ərdəbil-Parsabad dəmir yolu xətti bu vilayət ilə Azərbaycan arasında dəmir yolu əlaqələri və yükdaşımalara öz töhfəsini verə bilər. Ərdəbil-Parsabad dəmir yolu xətti Ərdəbil-Miyana dəmir yolu xəttinin ikinci hissəsi hesab olunur. Təxminən 270 km uzunluğunda olan Ərdəbil-Parsabad dəmir yolu xəttinin tikintisi ilə əlaqədar tədqiqatın müəyyən bir hissəsi başa çatdırılıb.