Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Kanadanı meşə yanğınlarının qarşısının alınması üçün lazımi tədbirləri görməməkdə ittiham edib. O bildirib ki, bu vəziyyət ABŞ iqtisadiyyatına hər il milyardlarla dollar ziyan vurur.
Bu barədə Tramp "Truth Social" sosial şəbəkəsində paylaşım edib.
Məlumata görə, Kanadada baş verən meşə yanğınlarından qalxan tüstü ABŞ ərazisinə, o cümlədən ölkənin şərq sahillərinə yayılıb. Tüstü Vaşinqton, Nyu-York, Boston və digər böyük şəhərləri əhatə edib.
"Kanada meşələrin düzgün idarə olunmasını və meşə tullantılarının təmizlənməsini həyata keçirməkdən imtina edir. Onlar bunun hansı nəticələrə səbəb olacağını yaxşı bilirlər. Bu, hər il təkrarlanan və ABŞ-yə milyardlarla dollara başa gələn qəsdən edilən səhlənkarlıqdır", - deyə Tramp qeyd edib.
ABŞ prezidenti əlavə edib ki, Kanadadakı meşə yanğınlarının vurduğu zərər Ottavanın hazırda ödədiyi idxal rüsumlarına əlavə olunmalıdır.