Bakı.Trend:
Böyük Britaniyada İranın kəşfiyyat xidmətinə vasitəçilik etməkdə ittiham olunan şəxs saxlanılıb.
Yerli hüquq mühafizə orqanlarının məlumatına görə, 39 yaşlı şəxs İranın kəşfiyyat xidmətinə yardım etməkdə ittiham olunaraq Milli Təhlükəsizlik Aktını pozmaqda günahlandırılıb.
Londonun Terrorla Mübarizə Polisi (CTP) çərşənbə günü Liverpul sakini Vahid Aberini Birmingem bölgəsində bu qanunu pozmaqda şübhəli bilinərək saxlayıb.
“Həmin şəxsə artıq rəsmi ittiham irəli sürüldüyü üçün iddiaların təfərrüatları ilə bağlı ətraflı şərh verə bilmərik. Bununla belə, ictimaiyyəti əmin etmək istəyirəm ki, bu araşdırma çərçivəsində vətəndaşlar, hər hansı icma və ya konkret şəxs üçün birbaşa təhlükə müəyyən edilməyib”, - deyə Londonun Terrorla Mübarizə Polis İdarəsinin rəhbəri komandir Helen Flanaqan deyib.
Polisin yaydığı bəyanatda bildirilib ki, Vahid Aberi barəsində həbs qətimkan tədbiri seçilib və onun işi üzrə ilk məhkəmə iclası iyulun 17-də Vestminster Magistratlar Məhkəməsində keçiriləcək.