Bakı.Trend:
İordaniya Silahlı Qüvvələrinin Baş Komandanlığı ölkənin hava hücumundan müdafiə sistemlərinin krallığı hədəf alan üç İran raketini məhv etdiyini açıqlayıb.
Bu barədə “Petra” agentliyi məlumat yayıb.
"İordaniyanın hava hücumundan müdafiə sistemləri İran tərəfindən buraxılan üç ballistik raketi havada ələ keçirərək məhv edib. "Hadisə nəticəsində insan tələfatı və ya maddi ziyan qeydə alınmayıb", – deyə komandanlığın bəyanatında bildirilib.
Bəyanatda qeyd olunub ki, Kral Mühəndis Korpusunun bölmələri raket qalıqlarının düşdüyü ərazilərdə müəyyən edilmiş texniki və təhlükəsizlik prosedurlarına uyğun əməliyyatlar həyata keçirir.
"İordaniya Silahlı Qüvvələri istənilən təhlükəyə qarşı tədbir görmək, ölkənin hava məkanını və vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə yüksək döyüş hazırlığı vəziyyətindədir", – məlumatda vurğulanır.
Xatırladaq ki, iyulun 8-də ABŞ Prezidenti Donald Tramp atəşkəsin pozulduğunu bəyan edərək İrana qarşı yeni zərbələrə göstəriş verib. Buna cavab olaraq İran ABŞ-nin Fars körfəzi regiondakı hərbi obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəfə alıb. Vaşinqton İranın danışıqlara qayıda biləcəyini istisna etməsə də, Hörmüz boğazının təhlükəsizliyi, nüvə proqramı və digər məsələlər ətrafındakı fikir ayrılıqları sülh prosesinin gələcəyini qeyri-müəyyən saxlayır. Hazırda Hörmüz boğazında ticarət gəmiçiliyi yenidən, demək olar ki, iflic vəziyyətə gəlib.