Bakı. Trend:
Bu ilin iyunun 1-nə Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 51,500 milyard manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankının (AMB) statistik bülleteninə əsasən, bu, 2025-ci ilin eyni dövrünə nisbətən 3,2 milyard manat və ya 6,6% çoxdur.
Bundan başqa, 2026-cı ilin iyunun 1-nə manatla pul kütləsinin (M2 aqreqatı) həcmi 41,962 milyard manat təşkil edib ki, bu da 2025-ci ilin eyni dövrünə nisbətən isə 6,2 milyard manat və ya 17,3% çoxdur.
Həmçinin hesabat dövründə M1 pul aqreqatı üzrə göstərici 32,642 milyard manata bərabər olub. Bu, 2025-ci ilin eyni dövrünə nisbətən isə 4,3 milyard manat və ya 15,1% çoxdur.
Eyni zamanda, bu ilin iyunun 1-nə banklardan kənarda olan nağd pul kütləsi (M0 aqreqatı) 18,885 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən isə 2,7 milyard manat 16,7% çoxdur.
Pul bazarının parametrləri
Həcmi (milyon manat), 1 iyun 2026-cı il tarixinə
Həcmi (milyon manat), 1 iyun 2025-ci il tarixinə
Geniş mənada pul kütləsi (M3 aqreqatı)
51500.4
48306.0
Manatla pul kütləsi (M2 aqreqatı)
41961.8
35768.5
Əməliyyatlar üçün pul kütləsi (M1 aqreqatı)
32641.7
28351.5
Banklardan kənarda olan nağd pul kütləsi (M0 aqreqatı)
18884.8
16177.3
Azərbaycan Mərkəzi Bankı (AMB) pul dövriyyəsinin səmərəliliyinin artırılması və milli valyutanın inkişafı istiqamətində bir sıra tədbirləri davam etdirir. AMB-nin baş direktoru Rəşad Məmmədov Trend-ə müsahibəsində bildirib ki, rəqəmsal ödənişlərin sürətlə inkişaf etdiyi bir dövrdə nağd pul maliyyə sisteminin mühüm elementi olaraq qalır və Mərkəzi Bank bu sahədə balanslı siyasət həyata keçirir.
Onun sözlərinə görə, əsas prioritetlər nağd pula əlçatanlığın təmin edilməsi, nağd pul dövriyyəsinin optimallaşdırılması, milli pul nişanlarının müasir təhlükəsizlik elementləri ilə yenilənməsi, ödəniş sistemlərinin dayanıqlılığının gücləndirilməsi və bank sektoru ilə əməkdaşlığın genişləndirilməsidir.
R. Məmmədov qeyd edib ki, Mərkəzi Bank yeni nəsil milli pul nişanlarının hazırlanması istiqamətində də iş aparır. "2024-cü ildə yeni konsepsiyanın müəyyənləşdirilməsi üçün ictimai sorğu keçirilib və növbəti mərhələdə pul nişanlarının dizaynı və təhlükəsizlik sistemlərinin hazırlanması nəzərdə tutulur", - deyə o bildirib.