Bakı. Trend:
Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycandan xaricə qaz ixracı 12,7 milyard kubmetr təşkil edib.
Bu barədə Energetika Nazirliyinin məlumatında bildirilib.
Məlumata əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 0,6 milyard kubmetr və ya 5% çoxdur.
Hesabat dövründə Azərbaycandan xaricə qaz ixracının 5,9 milyard kubmetri (0,2 milyard kubmetr və ya 3,3% az) Avropanın, 4,9 milyard kubmetri (ötən ilin eyni dövrü ilə müqayisədə eyni səviyyədə qalıb) Türkiyənin (o cümlədən TANAP-la 3 milyard kubmetr), 1,2 milyard kubmetri (0,1 milyard kubmetr və ya 9,1% çox) Gürcüstanın, 0,7 milyard kubmetri isə Suriyayanın payına düşüb.
Bir müddət əvvələl Avropa İttifaqının Enerji və Mənzil Məsələləri üzrə Komissarı Dan Yorgensen Trend-ə özəl müsahibəsində bildirib ki, hazırda Azərbaycan qazı ixracının təxminən yarısı Avropa bazarının payına düşür.
"Bu ilin yanvar ayında Trans-Adriatik Qaz Boru Kəmərinin ilk genişləndirilməsi həyata keçirildi - illik əlavə 1,2 milyard kubmetr həcmində. Bu isə 2026-cı ildə Avropa bazarına əlavə qaz tədarükləri anlamına gəlir. İqtisadi effekti də unutmaq olmaz: Cənub Qaz Dəhlizi istifadəyə verildiyi vaxtdan etibarən Azərbaycan iqtisadiyyatının inkişafında mühüm hərəkətverici qüvvəyə çevrilib. Trans-Adriatik Qaz Boru Kəməri vasitəsilə kommersiya tədarüklərinin başlanmasından bəri 2024-cü ilədək İtaliya, Yunanıstan və Bolqarıstana qaz ixracı təxminən 24 milyard avro gəlir gətirib. Bu, real və hiss olunan artımdır”, - deyə o bildirib.
Azərbaycanın Energetika naziri Pərviz Şahbazov Bakı Enerji Həftəsi çərçivəsində keçirilən “Davamlı və şaxələndirilmiş enerji gələcəyi naminə beynəlxalq əməkdaşlıq” mövzusunda nazirlərin plenar sessiyasında deyib ki
“Azərbaycan 20-dən çox ölkəyə neft ixrac edir, Azərbaycan təbii qazını alan ölkələrin sayı isə 16-ya çatıb ki, bu da ölkəmizi boru kəməri qazı ixracının coğrafi əhatəsinə görə dünya liderləri sırasına çıxarır”, – deyə nazir bildirib.
P.Şahbazov qeyd edib ki, ötən il Azərbaycanın payına Avropa İttifaqının boru kəməri qazı idxalının 8,1 faizi düşüb.
“Ötən il və cari ilin ilk dörd ayı ərzində Azərbaycan Avropaya 16,7 milyard kubmetr, Türkiyəyə 12,8 milyard kubmetr, Gürcüstana 3,3 milyard kubmetr, Suriyaya isə 800 milyon kubmetr qaz ixrac edib”, – deyə o əlavə edib.