Bakı.Trend:
İraqın şimalına dislokasiya olunmuş ABŞ hərbçiləri Ərbil şəhərinin üzərində səkkiz kamikadze-tipli pilotsuz uçuş aparatını (PUA) məhv edib.
Bu barədə İraqın INA xəbər agentliyi məlumat yayıb.
Zərərsizləşdirilmiş dronların yerə düşən qalıqlarının itkilərə səbəb olmadığı bildirilir.
ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb.