Bakı.Trend:
"Moody’s" agentliyi 2026-cı ilin yekunlarına görə Azərbaycan iqtisadiyyatının artım tempinin təxminən 1,5 faiz səviyyəsində qalacağını proqnozlaşdırır.
Bu barədə reytinq agentliyinin hesabatında qeyd olunub.
"2026-cı ilin yekunlarına görə iqtisadi artımın ümumilikdə təxminən 1,5 faiz səviyyəsində sabit qalacağını, orta müddətli dövrdə isə artım tempinin orta hesabla 2,0–2,5 faiz təşkil edəcəyini gözləyirik, belə ki, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində görülən tədbirlər, rəqəmsal infrastruktur layihələrinə yatırımlar və regional bağlantı layihələri qeyri-neft sektorunun genişlənməsini dəstəkləyəcək", - deyə hesabatda bildirilir.
"Moody’s"in qiymətləndirməsinə əsasən, 2026-cı ilin birinci rübündə Azərbaycanın real ÜDM-i illik ifadədə 0,3 faiz azalıb.
"İlin ilk beş ayında real ÜDM ötən ilin eyni dövrünün səviyyəsində qalıb. Belə ki, yataqların tükənməsi səbəbindən neft hasilatında davam edən azalma yalnız qeyri-neft sahələrində iqtisadi fəallığın artımı hesabına kompensasiya olunub. Bununla yanaşı, informasiya-kommunikasiya texnologiyaları (İKT), turizm və emal sənayesi sahələrində müsbət dinamika qorunub saxlanılır. Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal idarəetmə, bank tənzimlənməsi və fiskal nəzarətin gücləndirilməsi sayəsində qurumların keyfiyyət də tədricən yaxşılaşır", - deyə agentlik vurğulayıb.
Agentliyin analitikləri bildirirlər ki, Azərbaycanın "Baa3" səviyyəsində uzunmüddətli emitent reytinqi hökumətin əhəmiyyətli xalis kreditor mövqeyi ilə dəstəklənir.
"Əsas amil Azərbaycan Respublikası Dövlət Neft Fondunda (SOFAZ) cəmlənmiş böyük həcmdə maliyyə aktivlərinin mövcudluğudur. Bu aktivlər mühüm maliyyə buferi rolunu oynayaraq likvidlik və xarici həssaslıq risklərini azaldır. Pul-kredit və makroiqtisadi siyasətin təkmilləşdirilməsi ölkənin xarici mövqeyinin sabitliyini və maliyyə sisteminin şoklara davamlılığını gücləndirir. Fiskal buferlərdən səmərəli istifadə isə əks-tsiklik büdcə xərclərinin həyata keçirilməsinə və büdcə ilə dövlət borcu göstəricilərinin pisləşməsinin məhdudlaşdırılmasına imkan verir", - deyə agentlik qeyd edib.
Agentliyin rəyinə görə, iqtisadiyyatın əsasən karbohidrogen sektorunda yüksək cəmləşməsi hələ də ölkənin xarici şoklara davamlılığını məhdudlaşdırır. Bununla belə, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində dinamika tədricən güclənir.
Qeyd edək ki, Azərbaycan Dövlət Statistika Komitəsinin dərc etdiyi "2026-cı ilin yanvar–iyun aylarında ölkənin sosial-iqtisadi inkişafının makroiqtisadi göstəriciləri" hesabatına əsasən, cari ilin yanvar–iyun aylarında ölkədə 65,207 milyard manat həcmində ümumi daxili məhsul istehsal olunub. Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz artıb.
Hesabat dövründə iqtisadiyyatın neft-qaz sektorunda yaradılmış əlavə dəyər 0,7 faiz azalaraq 19,610 milyard manat, qeyri-neft-qaz sektorunda isə 1,5 faiz artaraq 45,596 milyard manat təşkil edib.