Bakı.Trend:
Bu ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasında 835,460 milyon manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin hesabatına əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz çoxdur.
Bildirilib ki, cari ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasının büdcə gəlirləri dotasiyalar nəzərə alınmadan 130,363 milyon manat təşkil edib. Qurumun məlumatına görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz çoxdur.
Komitənin məlumatına əsasən, eyni zamanda hesabat dövründə muxtar respublikanın büdcə xərcləri 215,749 milyon manat olub ki, bu da 2025-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 6,2 faiz artım deməkdir.
Bundan əlavə, komitənin məlumatına görə, cari ilin yanvar-aprel aylarında Naxçıvanda əsas kapitala 131,696 milyon manat həcmində investisiya qoyulub. Qurumun məlumatına əsasən, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 23,1 faiz artıb.
Qeyd edək ki, Azərbaycan Dövlət Statistika Komitəsinin dərc etdiyi "2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanın sosial-iqtisadi inkişafının makroiqtisadi göstəriciləri" hesabatına əsasən, cari ilin yanvar-iyun aylarında ölkədə 65,207 milyard manat dəyərində ÜDM istehsal olunub. Trend-in hesablamalarına görə, bu göstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,8 faiz artıb.
Hesabat dövründə iqtisadiyyatın neft-qaz sektorunda yaradılmış əlavə dəyər 0,7 faiz azalaraq 19,610 milyard manat, qeyri-neft-qaz sektorunda isə 1,5 faiz artaraq 45,596 milyard manat təşkil edib.