Bakı. Trend:
Moldovanın aşağıbüdcəli aviaşirkəti “FLYONE” Kişineu ilə Bakı arasında birbaşa müntəzəm uçuşların icrasına başlayıb.
Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, yeni marşrut üzrə iyulun 16-da həyata keçirilən ilk reys Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanıb:
"Kişineu – Bakı – Kişineu marşrutu üzrə uçuşlar həftədə üç dəfə - çərşənbə, cümə axşamı və bazar günləri həyata keçiriləcək. Yeni marşrut Azərbaycan və Moldova arasında birbaşa hava əlaqələrini genişləndirərək sərnişinlər üçün daha rahat və əlçatan səyahət imkanları yaradır.
“FLYONE” aviaşirkətinin Bakı istiqamətində fəaliyyətə başlaması Heydər Əliyev Beynəlxalq Aeroportunun aviaşirkət portfelinin və beynəlxalq marşrut şəbəkəsinin genişləndirilməsi istiqamətində atılan növbəti addımdır. Yeni reyslər Bakı ilə Kişineu arasında birbaşa hava əlaqələrinin gücləndirilməsinə və iki ölkə arasında mobilliyin artmasına töhfə verəcək".
"Uçuş cədvəli, aviabiletlər və digər xidmətlərlə bağlı ətraflı məlumatı “FLYONE” aviaşirkətinin rəsmi satış kanallarından əldə etmək mümkündür", - deyə məlumatda qeyd olunub.

