Bakı.Trend:
Azərbaycanın Mərkəzi Bankı (AMB) və Beynəlxalq Valyuta Fondu arasında inflyasiya və pul-kredit siyasətinin prioritetlərinin müzakirəsi aparılıb.
AMB-nin məlumatına əsasən, bankın baş direktoru Vüqar Əhmədov ölkədə səfərdə olan BVF-nin Azərbaycan üzrə missiyasının rəhbəri Anna Bordonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
"Görüşdə qlobal iqtisadiyyatda və maliyyə bazarlarında gedən proseslərin ölkə iqtisadiyyatına, makroiqtisadi və maliyyə sabitliyinə təsirləri, eləcə də iqtisadiyyatın inkişaf meyilləri və inflyasiya proqnozları müzakirə olunub. Bundan əlavə, pul siyasətinin ötürücülüyünün təkmilləşdirilməsi və banklararası bazarın inkişafı istiqamətində həyata keçirilən təşəbbüslər, həmçinin cari il və ortamüddətli dövrdə pul siyasəti və maliyyə sabitliyi siyasətinin əsas prioritetləri barədə fikir mübadiləsi aparılıb", - deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, BVF-nin may ayında dərc etdiyi hesabata əsasən, 2026-cı ildə Azərbaycan iqtisadiyyatının 2,2 faiz artacağı, 2027–2031-ci illərdə isə iqtisadi artımın hər il 2,5 faiz səviyyəsində sabitləşəcəyi proqnozlaşdırılır.
Hesabatda vurğulanır ki, ölkənin neft-qaz hasilatı və emalını əhatə edən neft sektoru 2026-cı ildə 2 faiz azalacaq. Fondun qiymətləndirməsinə görə, sonrakı dövrdə azalma tempi 2027–2031-ci illərdə hər il 0,5 faizə qədər zəifləyəcək.
Eyni zamanda, BVF 2026-cı ildə qeyri-neft ÜDM-in 3,7 faiz, 2027-ci ildə isə 3,8 faiz artacağını, 2028–2031-ci illərdə isə artımın hər il 3,5 faiz səviyyəsində sabitləşəcəyini proqnozlaşdırır.
BVF yaxın illərdə Azərbaycanın nominal ÜDM-inin davamlı artacağını da gözləyir. Proqnozlara əsasən, nominal ÜDM 2026-cı ildə 78,372 milyard ABŞ dolları, 2027-ci ildə 83,060 milyard ABŞ dolları, 2028-ci ildə 88,175 milyard ABŞ dolları, 2029-cu ildə 93,718 milyard ABŞ dolları, 2030-cu ildə 99,600 milyard ABŞ dolları təşkil edəcək, 2031-ci ildə isə 105,923 milyard ABŞ dollarına çatacaq.