Bakı. Trend:
Botsvanadakı Karove almaz yatağında çəkisi 1 000 karatdan çox olan onuncu almaz aşkar edilib.
Bu barədə Kanadanın "Lucara Diamond Corporation" dağ-mədən şirkəti məlumat yayıb.
"Lucara Diamond şirkəti Botsvanada tam mülkiyyətində olan Karove almaz yatağında 1 305,4 karat çəkisində nadir almazın aşkar edildiyini məmnuniyyətlə bildirir. Bu daş şirkətin işlərin başlandığı vaxtdan bəri aşkar etdiyi çəkisi 1 000 karatdan çox olan onuncu almazdır", – deyə şirkətin rəhbəri Uilyam Lemb bildirib.
Almaz açıq üsulla hasil edilmiş material və əvvəllər çıxarılmış, lakin emal olunmamış filiz ehtiyatlarının qarışığının emalı zamanı, rentgen transmissiyası texnologiyası vasitəsilə çıxarılıb.
"Karove yatağı hasilatın başlandığı vaxtdan iri və yüksək keyfiyyətli almazların çıxarılması üzrə misilsiz rekord müəyyən edib. Burada 1 109 karatlıq Lesedi La Rona, 1 094 karatlıq Seriti, 1 080 karatlıq Eva Star və son yüz ildən artıq dövrdə aşkar edilmiş ən iri almaz olan 2 488 karatlıq Motsvedi tapılıb", – deyə Lemb vurğulayıb.
Onun sözlərinə görə, yeni tapıntı Karove yatağının iri və qiymətli almazların aşkar edildiyi dünyanın aparıcı yataqlarından biri statusunu bir daha təsdiqləyir.
Botsvana Afrikanın ən böyük almaz istehsalçısıdır və dünya bazarında bu göstəriciyə görə Rusiyadan sonra ikinci yeri tutur.