Bakı. Trend:
OPEC enerji keçidinin neft və qazdan imtina gündəliyinin irəlilədilməsi alətinə çevrilməməsi ilə bağlı xəbərdarlıq edir.
Bunu OPEC+ Əməkdaşlıq Xartiyasının Texniki Komitəsinin Bakıda keçirilən ilk iclası çərçivəsində Trend-ə eksklüziv müsahibəsində Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Haysam Əl-Qays deyib.
Haysam Əl-Qays bildirib ki, OPEC-in əsas mesajı həmişə neftin dünya iqtisadiyyatının fundamental elementi və əsas dayaqlarından biri olaraq qalacağı olub.
“Bu, uzun illər və onilliklər ərzində belə olub və bundan sonra da belə davam edəcək. Biz indicə 2050-ci ilədək dövrü əhatə edən yenilənmiş "World Oil Outlook" proqnozumuzu təqdim etdik. Həmin proqnoz açıq şəkildə göstərir ki, neft 2050-ci ilədək qlobal enerji istehlakı strukturunda üstün mövqeyini qoruyacaq və dünya enerji balansının təxminən 30 faizini təşkil edəcək. Buna qazı da əlavə etsək, neft və qaz birlikdə qlobal enerji istehlakının təxminən 55 faizini təmin edəcək.
Bu, məni yenidən əvvəl söylədiyim fikrə qaytarır: uzun illərdir bir çoxları enerji keçidindən danışarkən onu faktiki olaraq neft və qazdan imtina ilə eyniləşdirirlər. OPEC-də biz enerji keçidindən və enerji tamamlayıcılığından danışırıq, çünki qlobal enerji istehlakı əhəmiyyətli templərlə artacaq. Hesab edirik ki, bu gündən 2050-ci ilədək enerji istehlakı təxminən 23 faiz artacaq. Əlbəttə ki, bu artımda neft mühüm rol oynayacaq. Bərpa olunan enerji mənbələrindən istifadənin artması ilə yanaşı, qaz istehlakının da artacağını görəcəyik. Lakin bunu neft və qazın əvəzlənməsi kimi şərh etmək olmaz.
Biz hesab edirik ki, istifadəsi azalacaq yeganə enerji mənbəyi kömürdür – bu da iqlim və ekoloji amillərlə bağlıdır. Məhz buna görə OPEC-də biz neftə, qaza, eləcə də bərpa olunan enerji mənbələrinə investisiyaların davam etdirilməsinin vacibliyini vurğulayırıq”, – deyə OPEC-in baş katibi bildirib.
O qeyd edib ki, OPEC-ə üzv bütün ölkələr bütün enerji növlərinə investisiya yatırmır və təşkilat iqlim dəyişikliyi ilə mübarizə adı altında hər hansı enerji mənbəyini təşviq və ya istisna etməyi qarşısına məqsəd qoymur.
“Paris Sazişinin özü əslində yalnız neft və qazdan deyil, bütün mənbələrdən yaranan emissiyaların azaldılmasına yönəlib. Buna görə də biz enerji keçidindən neft və qazdan imtina kimi başqa bir gündəliyin irəlilədilməsi aləti kimi istifadə olunmaması ilə bağlı yenidən xəbərdarlıq edirik. Bu baş verməməlidir. Neft fundamental əhəmiyyət daşıyır. Biz onun gündəlik həyatımızın bütün sahələrində – nəqliyyatda, geyimdə, aviasiyada, gəmiçilikdə, qablaşdırmada, idman avadanlıqlarında istifadə olunduğunu görürük. Hazırda dünya çempionatından danışdığımız üçün qeyd edim ki, hətta futbolçuların oynadığı top belə neft-kimya məhsullarından hazırlanır. İnsanların çox vaxt fərqinə varmadığı bütün sahələrdə neft mövcuddur. Məhz buna görə də bu resursu dəstəkləmək və bazarın sabitliyini təmin etmək vacibdir. Çünki bu, bütün dünyada insanların gündəlik həyatına və rifahına təsir göstərir. OPEC+ çərçivəsində əməkdaşlıq vasitəsilə bizim məqsədimiz də məhz budur – dünya enerji istehlakının 30 faizini təmin edən neft sayəsində qlobal iqtisadiyyatı dəstəkləyən sabit bazarı qorumaq”, – deyə o əlavə edib.