Bakı. Trend:
Cari ilin yanvar-iyun aylarında Azərbaycanın elektrik enerjisi ixracından əldə etdiyi gəlir məlum olub.
Trend-in Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, hesabat dövründə Azərbaycan 271,2 milyon kilovat-saat elektrik enerjisi ixrac edib. Elektrik enerjisinin ixracından əldə olunan gəlir 14,368 milyon ABŞ dolları təşkil edib.
Qurumun məlumatına görə, ötən ilin eyni dövrü ilə müqayisədə elektrik enerjisinin ixracı həcm ifadəsində 408,6 milyon kilovat-saat (60,1 faiz), dəyər ifadəsində isə 24,189 milyon ABŞ dolları (62,7 faiz) azalıb.
Hesabat dövründə elektrik enerjisi ixracının qeyri-neft sektoru ixracındakı payı 0,76 faiz təşkil edib.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, cari ilin yanvar-iyun aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 24,661 milyard ABŞ dolları təşkil edib.
Hesablamalara görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 261 milyon ABŞ dolları və ya 1,1 faiz çoxdur.
Ümumi xarici ticarət dövriyyəsinin 16,32 milyard ABŞ dolları ixracın, 8,341 milyard ABŞ dolları isə idxalın payına düşüb.
Qurumun məlumatına görə, cari ilin yanvar-iyun aylarında ixracın həcmi 3,442 milyard ABŞ dolları (26,7 faiz) artdığı halda, idxalın həcmi 3,181 milyard ABŞ dolları (27,6 faiz) azalıb.
Nəticədə xarici ticarətdə 7,979 milyard ABŞ dolları həcmində müsbət saldo formalaşıb. Trend-in hesablamalarına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5,9 dəfə və ya 6,623 milyard ABŞ dolları çoxdur.