Bakı.Trend:
İran son 26 gün ərzində ümumi dəyəri təxminən 6 milyard dollar olan 80 milyon bareldən çox xam neft və emal olunmuş neft məhsulu ixrac edib.
Bu barədə “Aljazeera” telekanalı dəniz daşımaları üzrə monitorinq aparan “TankerTrackers”ə istinadən məlumat yayıb.
Şirkətin məlumatına görə, milyonlarla barel neft hələ də ixrac olunmağı gözləyir.
"ABŞ Hərbi Dəniz Qüvvələrinin blokadası planlaşdırılandan bir aydan çox əvvəl təkrar tətbiq olunduğuna görə, İranın təxminən 30 milyon barel xam nefti böyük ehtimalla, hələ də ölkədən çıxarılmayıb", – deyə monitorinq qrupu bildirib.
Xatırladaq ki, iyulun 8-də ABŞ Prezidenti Donald Tramp atəşkəsin pozulduğunu bəyan edərək İrana qarşı yeni zərbələrə göstəriş verib. Buna cavab olaraq İran ABŞ-nin Fars körfəzi regiondakı hərbi obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəfə alıb. Vaşinqton İranın danışıqlara qayıda biləcəyini istisna etməsə də, Hörmüz boğazının təhlükəsizliyi, nüvə proqramı və digər məsələlər ətrafındakı fikir ayrılıqları sülh prosesinin gələcəyini qeyri-müəyyən saxlayır. Hazırda Hörmüz boğazında ticarət gəmiçiliyi yenidən demək olar ki, iflic vəziyyətə gəlib.