Bakı.Trend:
Cənubi Koreyanın Seul Rayon Məhkəməsi sabiq prezident Yun Sok Yolu siyasi fondlar haqqında qanunu pozmaqda təqsirli bilib və o daha iki il müddətinə azadlıqdan məhrum edilib.
Bu barədə bazar ertəsi “Yonhap” agentliyi məlumat yayıb.
İstintaq müəyyən edib ki, sabiq prezident 2021-ci ilin aprelindən 2022-ci ilin martınadək “Future Korea Research Institute” təşkilatının yaradıcısı olan iş adamı Myon Te Kyundan hər hansı ödəniş olmadan 14 ictimai rəy sorğusunun aparılmasını istəyib.
Qanun pozuntusu ondan ibarət olub ki, prezident ödənişsiz əsaslarda keçirilən sorğuların müqabilində iş adamının parlamentə namizədliyini dəstəkləyəcəyinə söz verib.
Bununla əlaqədar Yun Sok Yol daha iki il müddətinə azadlıqdan məhrum edilib, həmçinin onun mülkiyyətindən təxminən 13,96 milyon von (təxminən 9,3 min ABŞ dolları) məbləğində vəsaitin müsadirə olunmasına qərar verilib.