Bakı. Trend:
ABŞ Maliyyə Nazirliyinin İranla əlaqəli olduğu iddia edilən şəxs və şirkətlərə qarşı sanksiya tətbiq etməsi Tehranın etirazına səbəb olub.
İranın xarici işlər naziri Abbas Əraqçi "X" sosial şəbəkəsində paylaşım edərək Vaşinqtonu İslamabad Anlaşma Memorandumunu pozmaqda günahlandırıb.
"Qarşılıqlı Anlaşma Memorandumunun 9-cu bəndini pozan ABŞ maliyyə nazirindən (Skott Bessent) fərqli olaraq, İran indiyə qədər sözünün üstündə durur", - deyə Əraqçi bildirib və öhdəlikləri pozmadıqlarını iddia edib.
Nazirin sözlərinə görə, yeni sanksiyalar da Vaşinqtonun razılaşmanı pozan digər addımları kimi qiymətləndirilməlidir. O, sənədə hər iki tərəfin riayət etməli olduğunu qeyd edib. "Yalnız qarşılıqlı şəkildə riayət mümkündür", - XİN başçısı İranın da memorandumu poza biləcəyinə eyham vurub.
ABŞ Maliyyə Nazirliyinin tətbiq etdiyi sanksiyalar əsasən İran hakim elitasının maliyyələşdirilməsi ilə əlaqəli olduğu iddia edilən Əli Ənsariyə, üç İran şirkətinə, eləcə də Honkonq və BƏƏ-də qeydiyyatdan keçmiş şirkətlərə şamil olunub.