Bakı.Trend:
Pakistan Hərbi Dəniz Qüvvələri (HDQ) "K2 Airways" aviaşirkətinə məxsus, Şarjadan Kəraçiyə uçan və göyərtəsində beş ekipaj üzvü olan Boeing 737-400 yük təyyarəsinin yeni qalıqlarını aşkar edib.
Bu barədə "Dawn" qəzeti Pakistan Mülki Aviasiya İdarəsinə (PCAA) istinadən məlumat yayıb.
Yük təyyarəsi çərşənbə axşamı axşam saatlarında Kəraçi liman şəhərindən 250 kilometr qərbdə, Ərəb dənizi üzərində radarlardan itib. PCAA-nın bəyanatına görə, Pakistan HDQ-si və Dəniz Təhlükəsizliyi Agentliyinin birgə davam edən əməliyyatı çərçivəsində, Ormara limanından 100 kilometr aralı açıq dənizdə dənizin dibindən təyyarənin yeni qalıqları çıxarılıb.
Bildirilibki, həmin fraqmentlər qəzanın səbəblərinin müəyyənləşdirilməsi məqsədilə sonrakı təhlil üçün istintaq qrupuna təhvil veriləcək.